Yuxarı
    Bağlamaq

    Baş travmatoloq sınıqçılara müraciət edənlərə xəbərdarlıq edib

    “Bəzən sınıqçıların müdaxiləsi uşağın ömürlük şikəst qalmasına gətirib çıxarır”

    Bakı 23 dekabr. REPORT.AZ/ "Azərbaycanda uşaqlar arasında travmalar geniş yayılıb".

    Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, respublikanın baş travmatoloqu Vaqif Verdiyev deyib.

    Onun sözlərinə görə, xəstəxanaya gün ərzində 30-40 nəfər müxtəlif travmalarla bağlı müraciət edir: "Onlardan 20-yə yaxını uşaqlar olur. Uşaq travmatizmi əsasən valideynlərin və ya müəllimlərin onları nəzarətsiz qoyması nəticəsində yaranır. Uşaqlarda zədələr məişət zəminində, ev şəraitində, idman zamanı yarana bilər. Onlar ən ağır travmaları küçədə alırlar. Ən ağır zədələr isə yol-nəqliyyat hadisələri zamanı qeydə alınır".

    İnstitut direktoru bildirib ki, uşaqlar yıxılarkən ən çox dirsək oynağını zədələyirlər: "Çünki dirsək oynağı çox zərif, incə bir orqandır. Bu cür zədələnmələri müalicə etmək asan deyil. Xəstəxanamızda gün ərzində qəbul var və uşaqlara ixtisaslaşmış həkimlər tərəfindən yardım göstərilir. Əgər oynaqdaxili, oynağa yaxın sınıqlar varsa, xəstələrin cərrahiyyə müdaxiləsinə ehtiyac çox olur. Bu gün Azərbaycanda, xüsusilə regionlarda hələ də valideynlərin sınıqçılara müraciət etmələri təəssüf doğurur. Çünki sınıqçıların müalicə üsulları dədə-babadan qalmadır. Bəzən xəstəxanamıza çox ağır şəkildə zədə almış xəstə gətirilir, hətta onun zədələnmiş əlini belə xilas etmək mümkün olmur. Eyni zamanda, bəzi həkimlərin də müdaxiləsindən fəsadlar yaranır. Bəzən sınıqçılar zədələnmiş yerə "yaxı" qoyub sıxdıqları zaman qan dövranı pozulur, reflektor dəyişikliklər baş verir və nəticədə də həmin uşaq ömürlük şikəst qalır. Bu kimi hallarda əlin, qolun funksiyası 80-90, bəzi vaxt 100 faiz itir".

    Həkim qeyd edib ki, uşaq travmatizminin qarşısını almağın ən yaxşı yolu proflaktikadır: "Uşaq travmatizminin proflaktikası çox mühüm məsələdir. Çünki travma baş verəndən sonra onu tam bərpa etmək mümkün olmur. Ona görə də valideynlər övladlarını nəzarətsiz qoymamalıdırlar".  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi