Baş travmatoloq ortopedik xəstəliklərin yaranma səbəblərini açıqlayıb

Baş travmatoloq ortopedik xəstəliklərin yaranma səbəblərini açıqlayıb "Həftənin müəyyən günləri səhər və axşam gəzintisinə çıxmaq lazımdır"
Sağlamlıq
4 Aprel , 2017 13:59
Baş travmatoloq ortopedik xəstəliklərin yaranma səbəblərini açıqlayıb
Report.az

Bakı. 4 aprel. REPORT.AZ/ "Müasir dövrdə insanlar vaxtlarının çox hissəsini kompüter qarşısında keçirir. Bu baxımdan bütün ortopedik xəstəliklərin yaranmasında əsas faktorlardan biri hərəkətsiz həyat tərzidir".

Bunu "Report"a Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, respublikanın baş travmatoloqu Vaqif Verdiyev bildirib.

Onun sözlərinə görə, uzun müddət kompüter qarşısında əyləşən insanlarda passiv hərəkətlə əlaqədar olaraq boyun, bel, döş osteoxondrozu yaranır: "İnsanlar çox az hərəkət edir, vaxtlarının əsas hissəsini ən zərərli vəziyyətdə - kompüter qarşısında və ya yazı masası arxasında oturaraq keçirir. Bədənin saatlarla hərəkətsiz bir şəkildə durması əzələlərdə durğunluğa səbəb olur. Bu da el arasında "duzlaşma" adlandırılan osteoxondroz üçün optimal şərait yaradır. Xəstəlik əsasən kompüterlə işləyən insanların boyun nahiyəsində müşahidə olunur. Beyni qidalandıran damarlar boyun nahiyəsindən keçir və bu hissədə duzlaşma prosesi ilə əlaqədar digenarativ dəyişikliklər baş verir. Bu analoji hallar baş verdikdə insanın baş beyninin qanla təchizatında problemlər ortaya çıxır və nəticədə baş ağrıları, halsızlıq, süstlük yaranır. Vaxtında və düzgün müalicə tədbirləri görülmədikdə osteoxondroz ciddi narahatlıq, ağrılar və hətta əlilliklə nəticələnə bilər".

V.Vaqif deyib ki, işləyən insanlarda rast gəlinən problemlərdən biri də mil-bilək oynağında baş verən anomiyalardır: "Bu hissədə vətərlərin ətrafında iltihablaşma prosesi gedir və tendinitlər əmələ gəlir. Bu tendinitlərdə çox vaxt şişkinliklə müşahidə olunur və ağrı baş verir. Gündəlik həyatında insana mane yaradır. Belə insanlara mütləq müalicə tələb olunur. Lakin xəstələr bu xəstəliyə dırnaqarası yanaşır və tibbi yardım üçün həkimlərə müraciət etmirlər. Nəticədə xəstəlik inkişaf etdiyindən hətta cərrahiyyə əməliyyatı tələb olunur".

Baş travmatoloq insanların daim aktiv hərəkətdə olmalarını məsləhət görüb: "Həftənin müəyyən günləri səhər və axşam gəzintisinə çıxmaq lazımdır. Bunun nəticəsində insanın əzələ aparatı rahatlayır, gümrah olur, havada olduğu üçün oksigen qəbulu aktivləşir və beynin normal fəaliyyəti bərpa olunur. Bu isə gələcəkdə xəstəlik riskini azaldır".

Fəridə Həsənli

Son xəbərlər

Orphus sistemi