Baş hematoloq: "Azərbaycanda qan tədarükü ilə məşğul olan müəssisələrin əksəriyyəti qeyri-effektiv işləyir"

Baş hematoloq: "Azərbaycanda qan tədarükü ilə məşğul olan müəssisələrin əksəriyyəti qeyri-effektiv işləyir" Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda "dəyirmi masa" keçirilib
Sağlamlıq
4 Mart , 2016 14:00
Baş hematoloq: Azərbaycanda qan tədarükü ilə məşğul olan müəssisələrin əksəriyyəti qeyri-effektiv işləyir

Bakı. 4 mart. REPORT.AZ/ Bu gün Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda "dəyirmi masa" keçirilib.

“Report” xəbər verir ki, tədbirdə irsi qan xəstəlikləri, donorluq və digər məsələlər müzakirə olunub.

Azərbaycan Elmi Tədqiqat Hemotologiya və Transfizilogiya İnstitutunun direktoru Zöhrə Əlmirzəyeva bildirib ki, səhiyyənin hematologiya və transfuziologiya sahəsinə aid olan iki qanun (2005-ci ildə) və bu qanunların həyata keçirilməsi məqsədilə üç dövlət proqramı qəbul edilib.

Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov qeyd edib ki, son zamanlar Səhiyyə Nazirliyi tərəfindən qan xidməti və donorluq sahəsində köklü islahatlar aparılıb: “Qan xidmətinin fəaliyyəti təhlil edilib və müəyyən olunub ki, əhalisinə görə çox da böyük olmayan ölkəmizdə 61 müəssisə qan tədarükü ilə məşğul olur və onların əksəriyyəti olduqca qeyri-effektiv işləyir. Təbii ki, çox az miqdarda qan tədarük edən müəssisələrdə qanın keyfiyyəti və təhlükəsizliyinin təmin edilməsində çətinliklər ortaya çıxırdı. Yaranmış vəziyyətdən çıxmaq məqsədilə Səhiyyə Nazirliyi 30.11.2010-cu il tarixli 102 saylı “Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi barədə” əmr verdi. Bu əmrə əsasən, bölgələrdə fəaliyyət göstərən bütün və Bakı şəhərində yerləşən bəzi qanköçürmə şöbələri transfuzion kabinetlərə çevrilib. Rayonlararası Qanköçürmə Mərkəzləri və iri regional qanköçürmə şöbələrinin bazasında Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının (MQB) səkkiz filialı təşkil edilib”.

Ç.Əsədov bildirib ki, qan xidmətinin strukturunun modernləşdirilməsi nəticəsində qan xidməti müəssisələrinin sayı xeyli azalıb, bu isə donorların səmərəli istifadəsinə və donor qanının infeksiyalar üzrə yoxlanılmasının yaxşılaşdırılmasına imkan yaradıb.

Baş hematoloq deyib ki, müasir təbabətdə leykozlar problemi səhiyyənin ən aktual problemlərindən biridir: "Bütün bədxassəli xəstəliklərin təxminən 8%-ni təşkil edərək, leykozlar xərçəngin ən çox rast gəlinən 6 növü siyahısına daxildir. Uşaq leykozu uşaqlar arasında ən çox rast gəlinən onkoloji xəstəlikdir. Ümumiyyətlə, uşaq leykozlarının payına uşaqlar arasında bütün onkoloji xəstəliklərin 1/3-ü düşür.

Son zamanlar leykozların diaqnostikasında və müalicəsində köklü irəliləyişlər müşahidə edilir. Bu, ilk növbədə leykozların molekulyar-genetik diaqnostika üsullarının tətbiqinə və leykozların müxtəlif növlərinin traqet (hədəf) terapiyası üsullarının işlənib hazırlanmasına aiddir. Hazırda Səhiyyə Nazirliyinin rəhbərliyi ilə Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda bu xəstəliyin diaqnostikasının beynəlxalq standartlara uyğun aparılmasına nail olunub”.

Son xəbərlər

Orphus sistemi