Baş həkimin müavini: "Çox vaxt təcili tibbi yardımın maşınları xarab olub yolda qalır"

Baş həkimin müavini: "Çox vaxt təcili tibbi yardımın maşınları xarab olub yolda qalır" Gələcəkdə "təcili tibbi yardım"a çağırışların hansı ünvandan daxil olması monitor vasitəsilə təyin ediləcək
Sağlamlıq
21 Aprel , 2016 11:37
Baş həkimin müavini: Çox vaxt təcili tibbi yardımın maşınları xarab olub yolda qalır

Bakı. 21 aprel. REPORT.AZ/ "Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası əhaliyə xidmət səviyyəsinin artırılması məqsədilə bir sıra işlər görür. Bölmələrin müasir və daha çox funksiyası olan yeni planşetlərlə təmin olunmasına başlanıb".

"Report"un məlumatına görə, bunu stansiyanın baş həkiminin müavini İradə Əliyeva deyib.

O bildirib ki, həkimlərin daxil olan sorğulara getməsinə nəzarət gücləndirilib: "Hazırda stansiyanın sanitar avtomobillərinin hərəkət trayektoriyası xüsusi monitor vasitəsilə nəzarətdə saxlanılır. Gələcəkdə çağırışların hansı ünvandan daxil olmasının da monitor vasitəsilə təyin edilməsi nəzərdə tutulub".

Baş həkimin müavini onu da xatırladıb ki, stansiyaya gecikmələrlə bağlı daxil olan şikəyətlər əsasən ünvanların düzgün qeyd olunmaması ilə bağlıdır: "Bu problem daha çox Bakı ətrafı qəsəbələrdə, yeni tikilən yaşayış massivlərində, həyət evlərində müşahidə olunur. Əsasən də Binə qəsəbəsində ünvanların tapılmasında çətinliklər var. Orada yollar da bərbad vəziyyətdədir. Çox vaxt təcili tibbi yardımın maşınları xarab olub yolda qalır. Həmin evlərin çoxunun ünvanları yoxdur".

İ.Əliyeva qeyd edib ki, stansiyanın ştatında hazırda 2600-dən artıq işçi sayı var: "Bura həm həkimlər, orta tibb işçiləri, sanitar və digər işçilər daxildir. Stansiyanın 21 stansiyası və 21 filialı var".

Son xəbərlər

Orphus sistemi