Yuxarı
    Bağlamaq

    Baş həkim: “Kliniki Tibbi Mərkəzdə struktur dəyişikliyi olacaq”

    “Bəzən bir funksiyanı lazımsız olaraq iki şöbə yerinə yetirir”

    Bakı. 13 fevral. REPORT.AZ/ “Kliniki Tibbi Mərkəzdə idarəetməni asanlaşdırmaq, ştat şişirtmələrinin qarşısını almaq, dövlət büdcəsindən ayrılan vəsaitə qənaət etmək, göstərilən xidmətin effektliyini artırmaq və optimallaşdırmaq üçün struktur dəyişiklikləri nəzərdə tutulub”.

    Bunu “Report”a açıqlamasında Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov deyib.

    Onun sözlərinə görə, ilk olaraq xırda, yəni çarpayı sayı az olan şöbələrin birləşdirilməsi planlaşdırılır: “Bu da idarəetməni olduqca asanlaşdırır. Yəni, bir patologiyadan olan xəstələrin statistikaları, müalicənin gedişi və nəticələri bir nəfərdən soruşulacaq, nəinki bir neçə xırda şöbələrin müdirlərindən. Odur ki, bütün bu işlərə cavabdeh şəxslərin sayı azaldılır”.

    Baş həkim xatırladıb ki, bu yaxınlarda Mərkəzdə infeksion şöbələrin üçü ləğv edilərək bazasında 70 çarpayılıq böyük İnfeksion şöbə yaradılıb: “Təbii ki, çarpayıların profili dəyişməyib. Yəni, əvvəl olduğu kimi xəstələr hansı müraciət üzrə yatırdısa, indi də elə olacaq. Sadəcə xırda şöbələrin yerində bir böyük şöbə yaradılıb”.

    “Fikrimiz var ki, digər xırdalanmış şöbələri də birləşdirək” - deyən Ə.Dadaşov qeyd edib ki, gələcəkdə Avropa ölkələrində olduğu kimi, bölümlərin yaradılması planlaşdırılır: “Misal olaraq, cərrahi bölüm yaratsaq burada yalnız bir cavabdeh şəxs olacaq. Həmin bölməyə isə travma, uşaq cərrahiyəsi, üst-çənə cərrahiyyəsi aid olacaq. İndi şöbələr ayrıdır və bir-birinə formal da olsa əlaqəsi yoxdur. Hər bir şöbə özü müstəqil fəaliyyət göstərir. Baş həkim cərrahi işlər üzrə müavininə tabe olurlar”.

    Mərkəzdə hazırda 37 şöbənin olduğuna diqqət çəkən baş həkim bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyevə təklif verdiyini deyib: “Təkliflə çıxış etmişəm ki, Mərkəzdə cərrahi, terapevtik, infeksion və müayinə bölümü yaradılsın. Bununla da cavabdeh şəxslərin sayı azalacaq. Çünki bəzən bir funksiyanı lazımsız olaraq iki şöbə yerinə yetirir. Hazırda nazirlikdə bu məsələ müzakirə olunur. Səhiyyə nazirinin təşəbbüsü ilə artıq infeksion şöbəni formalaşdırdıq”.

    Struktur dəyişikliyinin mərkəzdə hansısa işçi sayının azalmasına səbəb olması məsələsinə aydınlıq gətirən Ədalət Dadaşov əlavə edib ki, bu məsələdə heç bir işçi ixtisarından söhbət gedə bilməz: “Ştat, məkan, çarpayılar, həkimlər və tibb işçiləri olduğu kimi qalır. Sadəcə onlara bir nəfər rəhbərlik edəcək. O da bütün işin keyfiyyətinə cavab verəcək”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi