Yuxarı

Baş həkim: “Ahıl xəstələrdə ən çox xroniki xəstəliklərə rast gəlinir”

“Azərbaycanda 2013-cü ildə orta ömür həddi 74.2 olubsa 2015-ci ildə bu göstərici 75.2-yə yüksəlib”

Bakı. 11 iyul. REPORT. AZ / “Tibbdə əldə olunan nailiyyətlər, uşaq ölümünün azalması, ölümə səbəb olan bir çox infeksiyaların qarşısının alınması, xəstəliklərin profilaktikası orta ömür həddinin yüksəlişinə səbəb olub”.

“Report” xəbər verir ki, bunu ahıl insanlara göstərilən səhiyyə xidmətinin təşkili mövzusuna həsr olunan "dəyirmi masa"da Ş.Həsənov adına "Sağlamlıq Zonası" Sağalma və Reabilitasiya Poliklinikasının baş həkimi Məsməxanım Məcidova deyib.
O bildirib ki, dünyada gedən demoqrafik proseslərdə baş verən dəyişikliklər Azərbaycandan da yan keçməyib: “Dövlət Statistika Komitəsinin hazırladığı son üç ilin göstəricilərinə əsasən ölkə və Bakı şəhəri üzrə 60 yaşdan yuxarı yaş qruplarına görə əhalinin sayı artan dinamika ilə gedir. Bu xüsusən 60-74, 75-89 yaş qruplarında özünü daha çox büruzə verir. 2013-cü ildə orta ömür həddi 74.2 olubsa (kişilər 71.6, qadınlar 76.8), 2015-ci ildə bu göstərici 75.2-yə (kişilər 72.7, qadınlar 77.6) yüksəlib. Bu baxımdan əhalinin qocalma problemlərinin öyrənilməsi və ahıl insanlara tibbi-sanitar yardımın göstərilməsi aktuallaşıb”.
M.Məcidovanın sözlərinə görə, əhalinin qocalma problemi ilə əlaqədar müxtəlif sahələrin mütəxəssislərinin bir araya toplanması təsadüfi deyil: “Qocalıqla mübarizə, ömrün uzadılması, aktiv uzunömürlülüyə nail olmaq kimi problemlərin həlli ilə məşğul olan herontologiya elmi özündə bir neçə istiqaməti birləşdirir. Həmin istiqamətlərdən biri də heriatriya bölməsidir ki, bu da yaşlı insanlarda xəstələnmə hallarının xüsusiyyətlərini öyrənən bölmədir".
O qeyd edib ki, Səbail rayonunda yaşayan 16 500 vətəndaşdan 1613-ü ahıl şəxsdir: "Həmin ahıllardan 8-i nəzarətimiz altındadır. Elə ahıllar var ki, onları övladları atsalar da, qocalar evinə getmək istəmirlər. Belə halların qarşısını almaq üçün tədbirlər görülməlidir. Yaşlılara qarşı xüsusi diqqət göstərməliyik".
Baş həkimin sözlərinə görə, ahıl xəstələrdə ən çox xroniki xəstəliklərə rast gəlinir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi