Yuxarı

Gigiyena və Epidemiologiya Mərkəzi: ​Bakının heç bir yerində zibil tutumları dezinfeksiya olunmur

Ziyəddin Kazımov: Yaşayış məntəqələrinin giriş-çıxış bloklarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Bu ilin 6 ayında vətəndaşlardan Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə 206 müraciət daxil olub. Müraciətləri təhlil edəndə məlum olur ki, insanları narahat edən məsələlər arasında yaşayış sahəsində antisanitar vəziyyətin yaranması problemi üstünlük təşkil edir". Bunu "Report"a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

"Bizi də ən çox narahat edən məsələ şəhərin sanitar vəziyyətidir. Məişət tullantıları mütəmadi daşınmalıdır. Zibil toplanan tutumlar mütləq dezinfeksiya olunmalıdır. Yaşayış məntəqələrinin ərazisində, binaların zirzəmisində, eyni zamanda, giriş-çıxış bloklarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır", - o bildirib.

Z.Kazımov qeyd edib ki, hər rayonun mənzil-kommunal təsərrüfat departamentləri ərazi dezinfeksiya şöbələri ilə bu xidməti həyata keçirmək üçün müqavilə bağlamalıdır: "Təəssüflər olsun ki, bu gün mənzil-kommunal təsərrüfat departamentləri həmin müqavilələri bağlamağa təşəbbüs göstərmir. Ona görə də vətəndaşlarımız haqlı olaraq ağcaqanaddan, sahibsiz heyvanlardan, həşəratların sayının artmasından və məişət tullantılarının mütəmadi daşınmamasından şikayət edirlər. Əgər bir yerdə zibil daşınmırsa, ətrafında sahibsiz heyvan olmalıdır. Sahibsiz heyvan olan yerdə də mütləq xəstəlik, birə, həşərat var".

Z.Kazımov əlavə edib ki, Bakı şəhərinin heç bir yerində zibil tutumlarının dezinfeksiyası həyata keçirilmir. Onun sözlərinə görə, problemlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə də geniş arayış təqdim olunub, eyni zamanda, rayon icra hakimiyyətlərinə də müraciət edilib, lakin nəticə yoxdur: "Cəmi 0,5 faizi müqavilə bağlayır, qalanları bağlamır. Hər gün ərazilərə gedə bilmərik. Bunun üçün cavabdeh qurumlar var. İndiyə kimi görməmişəm ki, mətbuatda hansısa mənzil istismar sahəsi, sanitar kommunal sahəsinə baxan icracı orqan məişət tullantılarının daşınmaması ilə əlaqədar bir söz desin".  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi