Yuxarı

Bakıda orqan və toxumaların köçürülməsinin aktual problemlərinə həsr olunan beynəlxalq konqres başlayıb

III Beynəlxalq Konqres 2017-ci ildə Ankarada keçiriləcək

Bakı. 1 iyun. REPORT.AZ/ Bakıda orqan və toxumaların köçürülməsinin aktual problemlərinə həsr olunan II Beynəlxalq Konqres başlayıb.  

“Report” xəbər verir ki, Azərbaycan Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla Türkiyə Orqan Nəqli Dərnəyi (TOND) və Türk Dünyası Transplantasiya Dərnəyinin (TDTD) birgə təşkilatçılığı ilə keçirilən və 3 gün davam edəcək tədbirə dünyanın müxtəlif ölkələrindən 500-ə qədər nümayəndə qatılıb.

Tədbirin açılışında Türkiyə Transplantasiya Cəmiyyətinin sədri, Başkent Universitetinin və klinikasının qurucusu və rəhbəri, professor Mehmet Haberal çıxış edib.

M.Haberal III Beynəlxalq Konqresin 2017-ci ildə Ankarada keçiriləcəyini bildirib: “Bu konqres Azərbaycanda orqan nəqlinin inkişafına böyük təkan verəcək, kadr və sosial-hüquqi qaydaların hazırlanmasında, orqan bağışlanması sahəsində mühüm rol oynayacaq”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, Azərbaycanda orqan köçürülməsi ilə bağlı qanun qəbul olunub və hüquqi baza yaradılıb: “Yalnız Bakıda deyil regionlarda da orqan köçürülməsi əməliyyatları həyata keçirilir. Bizim qanuna görə həm sağ insandan, həm də meyitdən orqan köçürülməsinə icazə verilir. Orqan köçürülməsi çox bahalı əməliyyatdır. Bu əməliyyatlar dünya ölkələrinin çoxunda icbari tibbi sığorta hesabına həyata keçirilir. Azərbaycanda isə tibbi sığorta tətbiq olunmadığı üçün orqan nəqlini geniş şəkildə həyata keçirmək, o cümlədən meyitdən orqan nəqli etmək mümükn deyil”.

O qeyd edib ki, icbari tibbi sığortanın həyata keçirilməsi hökumətin gündəmindədir.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə deyib ki, bu gün Azərbaycanda yüksək texnologiyalı əməliyyatların keçirilməsi, nəinki Bakıda regionlarda da mümkündür.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi