Yuxarı

Bakıda Azərbaycan Uroloqlarının I Beynəlxalq Konqresi başlayıb

Tədbirdə xarici ölkələrdən dəvət olunan professorlar iştirak edirlər

Bakı. 4 may. REPORT.AZ/ Bu gün Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Azərbaycan Uroloqlarının I Beynəlxalq Konqresi keçirilir. "Report" xəbər verir ki, "Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi" mövzusunda keçirilən konqresdə Ə.Əliyev adına ADHTİ-nun rektoru Nazim Qasımov, Azərbaycan Uroloqlar Assosiasiyasının prezidenti Samir Cavad-zadə, eyni zamanda, Almaniya, Türkiyə, Rusiya, Qazaxıstan, Moldova, Gürcüstan və Belarusiyadan dəvət olunan professorlar iştirak edirlər.

İnstitutun direktoru N.Qasımov tədbirdə çıxış edərək deyib ki, bütün sahələrdə olduğu kimi, səhiyyə də son illər dinamik inkişafdadır: "Urologiyanın inkişafı uzun illər institutunun rektoru olan Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Belə ki, onun bilavasitə təşəbbüsü və rəhbərliyi ilə 1966-cı ildə Sovetlər Birliyində ilk dəfə olaraq Bakıda ixtisaslaşdırılmış uroloji müalicə müəssisəsi - Respublika Klinik Uroloji Xəstəxana yaradılıb. Burada urologiya və operativ nefralogiyanın bütün bölmələri, o cümlədən hemodializ, uşaq, rentgen-radioloji, anestezioloji və reanimasiya şöbələri, tibbi genetik məsləhətxana təşkil olunub. Akademik Mirməmməd Cavadzadə Azərbaycan uroloji məktəbini yaradıb və onun tərəfindən 1972-ci ildə Qafqaz və Orta Asiya ölkələrində ilk dəfə böyrək köçürmə əməliyyatı aparılıb".

O, həmçinin əlavə edib ki, son illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir və ən yüksək standartlara uyğun təchiz olunan klinikada yaradılan şərait əhaliyə göstərilən uroloji xidmətin keyfiyyətinin yüksəldilməsinə, urologiya sahəsində elmi-tədqiqat işlərinin aparılmasına, bu sahə üzrə mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsinə geniş imkanlar yaradır: "Bu gün fəxrlə qeyd etmək olar ki, Azərbaycanda ən qabaqcıl endo-uroloji, mini-invaziv cərrahi əməliyyatlar, böyrək transplantasiyası uğurla həyata keçirilir".

Azərbaycan Uroloqlar Assosiasiyasının prezidenti Samir Cavad-zadə isə bildirib ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Milli Onkologiya Mərkəzi və Azərbaycan Uroloqlar Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən konqres çərçivəsində müasir endoskopik texnologiyaların tətbiqi ilə əməliyyatların icrası və onların konfrans salonuna birbaşa ötürülməsi nəzərdə tutulub.

Konqresin davamında müxtəlif mövzularda məruzələr dinlənilib, məruzə ətrafında diskussiyalar aparılıb.

Qeyd edək ki, konqres iki gün davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi