Bakıda 22-ci beynəlxalq səhiyyə sərgisi keçiriləcək

Bakıda 22-ci beynəlxalq səhiyyə sərgisi keçiriləcək Tədbirdə 11 ölkəni təmsil edən 35 şirkət bir arada toplanacaq
Sağlamlıq
15 Sentyabr , 2016 16:12
Bakıda 22-ci beynəlxalq səhiyyə sərgisi keçiriləcək

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakı Ekspo Mərkəzində sentyabrın 19-21-də 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi - “BIHE 2016” keçiriləcək.

“Report”un məlumatına görə, 22 il ərzində sərgi tibb sahəsində istifadə olunan innovativ məhsulların təşviqi üçün yeni imkanlar yaratmaqla yanaşı, tibbi texnika və avadanlıq, dərman istehsalçıları, səhiyyə sistemində fəaliyyət göstərən peşəkarlar, eləcə də dövlət strukturları və ölkənin işgüzar çevrələrinin nümayəndələrini cəlb edir.

“BIHE” sərgisi Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir.

“BIHE 2016” sərgisində dünya üzrə 20 ölkəni təmsil edən 121 şirkət iştirak edir. Bu şirkətlər arasında Azərbaycan, Almaniya, Belarus, Çin, İtaliya, Rusiya, Türkiyə, Çexiya, Ukrayna və digər ölkələrin təmsilçiləri var. Ümumilikdə, xarici eksponentlər sərgi iştirakçılarının 60%-ni təşkil edir. Sərgidə xarici istehsalçılarla yanaşı, dünyanın nəhəng istehsalçıları ilə tərəfdaşlıq edən yerli tibbi avadanlıq distribyutorları da iştirak edirlər. Yerli distribyutorlar arasında “Besan”, “BTL Industries AZ”, “Labservis” və digərləri yer alır. Azərbaycan, Çexiya Belçika və Tunis şirkətlərinin də qatıldığı builki sərginin debütantları sərgi iştirakçılarının 30%-ni təşkil edir.

“BIHE 2016” sərgisində tibbi və laboratoriya avadanlıqları, istehlak məhsulları, dərman preparatları, tibbi alətlər və farmakoloji avadanlıqlar kimi sektorlar təqdim olunur. Builki sərginin fərqləndirici cəhətlərindən biri də farmakologiya sektorunun inkişaf etməsidir. Şirkətlər bu sektor çərçivəsində farmakologiya üzrə avadanlıq və texnologiyaları, eləcə də dərman zavodlarının istifadəyə hazır şəkildə tikintisini təqdim edəcəklər.

“BIHE” sərgisinə paralel olaraq daha iki tədbir - 11-ci Azərbaycan Beynəlxalq “Stomatologiya” “Stomatology Azerbaijan 2016” və 10-cu Yubiley Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2016” sərgiləri keçiriləcək.

Bu il sərgidə Azərbaycan, Almaniya, İtaliya, Koreya, Rusiya və Ukrayna kimi, ümumilikdə 11 ölkəni təmsil edən 35 şirkət bir arada toplanacaq.

Son xəbərlər

Orphus sistemi