Bakıda 18-45 yaş arasında olan qadınların 30 faizi ailə qurmayıb

Bakıda 18-45 yaş arasında olan qadınların 30 faizi ailə qurmayıb "Bu da reproduktiv sağlamlığa zərər vuran əsas amillərdir"
Sağlamlıq
19 Oktyabr , 2016 13:06
Bakıda 18-45 yaş arasında olan qadınların 30 faizi ailə qurmayıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Son illər Bakıda reproduktiv dövrdə (18-45 yaş arası) olan qadınların 30 faizə qədəri ailə qurmayıb". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Mama-ginekologiya kafedrasının müdiri Elmira Əliyeva deyib.

Onun sözlərinə görə, bu da reproduktiv sağlamlığa zərər vuran əsas amillərdir: "Bu gün gənclərin vaxtında ailə qurmasına ehtiyac var. Çünki bu gün qızların çoxu gec ərə gedir, yaxud statusunu qaldırır, işi, təhsili, pulu olmasını arzulayır. Ancaq bilmək lazımdır ki, 35 yaşında olan qızın həddindən çox xroniki xəstəliklərə meyilliyi, qeysəriyyə kəsiyinə olan marağı artır".

E.Əliyeva qohum nikahlarına qarşı olduğunu da vurğulayıb: "Qohum nikahı qurmaqdansa, evlənməmək məsləhətdir. Hətta Bakı kəndlərində elə ailələr olur ki, onlar 4-5 dəfə qohum olurlar. Bu məsələlərə qarşı əks təbliğat aparılmalıdır".

Respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova isə bildirib ki, Azərbaycanın regionlarına uyğun olaraq ginekoloji patologiyalar, endemik xəstəlikləri fərqlənir: "Qızlar nə qədər gec ailə qurarsa, xəstəliklər risk qrupu artır, hamiləliyin risk qrupuna daxil olurlar, nəticədə doğuşda müəyyən problemlər yaranır. Bu qrupda olan ana ölümlərinin sayı da yüksək olur. Ona görə də vaxtında ailə qurmaq lazımdır. Hər bir region üçün özünəməxsus xəstəliklər var. Onlar hamiləliyin və doğuşun gedişinə, eləcə də erkən zahılıq dövrünə təsirini göstərir".

Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva deyib ki, regionlar arasında ana sağlamlığı, ana ölümləri və ağırlaşmaları ilə bağlı ciddi fərq yoxdur: "Sadəcə regionlar öz adət-ənənələrinə görə fərqlənir ki, bu da ailə qurmağa təsirini göstərmiş olur".

Son xəbərlər

Orphus sistemi