Azərbaycanlı kardioloq: "Koronavirusun öldürücü gücü arxada qaldı" - MÜSAHİBƏ

Azərbaycanlı kardioloq: "Koronavirusun öldürücü gücü arxada qaldı" - MÜSAHİBƏ Türkiyədə tibb təhsili alan və hazırda bu ölkədə işləyən xeyli sayda azərbaycanlı həkim var. Onlar da dünyanın dörd bir yanında olduğu kimi, koronavirus pandemiyası ilə mübarizənin ön cəbhəsində yer alıblar və pasiyentlərrin sağalması üçün əllərindən gələni əsirgəmirlər. Bunlardan biri də İstanbul Aydın Universitetinin Medikal Park Xəstəxanasının Kardiologiya klinikasında həkim - invaziv kardioloq işləyən Samir Allahverdiyevdir.
Sağlamlıq
7 May , 2020 10:04
Azərbaycanlı kardioloq: Koronavirusun öldürücü gücü arxada qaldı - MÜSAHİBƏ
Samir Allahverdiyev / Report

Türkiyədə tibb təhsili alan və hazırda bu ölkədə işləyən xeyli sayda azərbaycanlı həkim var. Onlar da dünyanın dörd bir yanında olduğu kimi, koronavirus pandemiyası ilə mübarizənin ön cəbhəsində yer alıblar və pasiyentlərrin sağalması üçün əllərindən gələni əsirgəmirlər. Bunlardan biri də İstanbul Aydın Universitetinin Medikal Park Xəstəxanasının Kardiologiya klinikasında həkim - invaziv kardioloq işləyən Samir Allahverdiyevdir. 

O, "Report"un Türkiyə bürosuna müsahibə verib.

- Əvvəlcə özünüz haqqında qısa məlumat verərdiniz...

- İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsindən məzun olmuşam. Bundan sonra Adana şəhərindəki Seyhan Təhsil və Araşdırma Xəstəxanasının Kardiologiya şöbəsində (Adana Numune Eğitim ve Araştırma Hastanesi Seyhan Uygulama Kardiyoloji Merkezi) invaziv kardiologiya sahəsi üzrə ixtisaslaşmışam. Hazırda İstanbul Aydın Universitetinin Medikal Park Xəstəxanasının Kardiologiya şöbəsində invaziv kardioloq kimi işləyirəm. Təəssüf ki, ürək-damar problemləri olan və koronavirus testi pozitiv çıxan xeyli sayda pasiyentimiz var.

- Hazırda koronavirusla mübarizə sahəsində Türkiyədəki vəziyyəti necə qiymətləndirirsiniz?

- Türkiyə hökuməti koronavirusla mübarizə sahəsində uğurlu siyasət aparır. Türkiyə səhiyyəsi, xəstəxanaları, həkimləri bu müddətdə bütün imkanlarını orataya qoyaraq dünyaya nümunə olacaq profil nümayiş etdirdi. Düzdür, yoluxanların sayında ciddi azalma müşahidə olunmur və hələ də xəstəxanalarda yaşamaq uğrunda mübarizə aparan xeyli sayda pasiyent var. Ancaq Türkiyə səhiyyəsinin bu savaşda böyük yol qət etdiyini deyə bilərik. Özəl və dövlət xəstəxanalarının əksəriyyəti pandemiya ilə mübarizədə ön səfdə yer alıblar. Həkimlər 24 saat ərzində gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. Mən işlədiyim xəstəxanada 50-yə yaxın pasiyent koronavirusdan müalicə alır. Biz çətinliklərə baxmayaraq bütün imkanlarımızı ortaya qoyub özümüzü koronavirusdan qorumaqla onların sağalması üçün iş başındayıq.

- Bir həkim olaraq koronavirusu digər infeksiyalarla müqayisədə necə xarakterizə edərdiniz?

- Bəzi pasiyentlər prosesi asanlıqla dəf etsələr də, ancaq normal soyuqdəymə və ya pnevmoniya kimi deyil. Koronavirus çox aqressiv və ölümcül ola bilir. Ona görə də koronavirusa yoluxanlar sağalsalar da, bəzi hallarda infeksiya orqanlarda qalıcı izlər buraxır. Bu virusun koronavirus ailəsinin yeni bir mutasiyasının nəticəsi olduğu müəyyənləşib. SARS-CoV-2 olaraq bilinən virusun əsas xüsusiyyəti insanlarda ağciyər tipli iki alveolyar hüceyrələr başda olmaqla, ürək əzələsi olan miokarda, böyrəyin proksimal borusuna, yemək borusuna, bağırsaq hissəsi olan ileum epitel hüceyrələrinə və sidik kisəsi urotel hüceyrələrində olan ACE2 reseptoruna asanlıqla bağlanıb orqanizmə daxil olmaqdadır. Təcrübəmizə əsaslanaraq deyə bilərik ki, bu virus təkcə ağciyərlərə deyil, mərkəzi sinir sisteminə - beyinə, orqanizm üçün xüsusi əhəmiyyət kəsb edən orqanlara ciddi zərər verə bilir və multiorqan çatışmazlığına səbəb olur. Koronavirus müxtəlif orqanizmlərdə çeşidli kimliyə girə bilir. Gənc orqanizmlər arasında virusun özünü büruzə vermədiyi, ancaq testlərin pozitiv çıxdığı müraciətlər çoxdur. Bu da koronavirusun necə təhlükəli olduğunu ortaya qoyur. Çünki gizli infeksiya daşıyıcısı gənc çevrəsində onlarla, yüzlərlə insanı özünün də xəbəri olmadan virusa yoluxdura bilir.

- Kononavirus şübhəsilə xəstəxanaya müraciət edən şəxslərdə daha çox nəyə diqqət yetirirsiniz?

- Bu qrupdakı xəstələr qeyri-spesifik nəfəs darlığı və öskürək, bəzən sinə ağrısı şikayətləri ilə təcili yardıma müraciət edirlər. Belədə pasiyentlərin kardioloji problemlərinin olub-olmaması ilə maraqlanırıq. Bu günlərdə, demək olar ki, təcili yardım şöbəsinə və ya poliklinikaya hər hansı bir səbəbdən gələn hər bir xəstəyə koronavirus şübhəsi ilə yaxınlaşırıq. Biz xəstəxananın verdiyi qoruyucu vasitələri taxırıq və pasiyentləri izolyasiya otaqlarında müayinə edirik. Xəstələrin bir çoxunun sinə ağrısı şikayəti ilə müraciət etdiyini bildirdim. Bu hal həqiqətən infarkt və ya digər səbəblərdən yarana bilər. Lakin bu xəstəliyin damarlarda tromb əmələ gəlməsi və ürəyin əzələ qişasının iltihabı adlandırılan miokardit ehtimalını artırdığını unutmamalıyıq. Bunun nəticəsində qəfil ürək infarktına təkan verən troponin fermentinin yüksəlməsi özünü göstərir. Ürəyin fəaliyyətinin zəifləmsi ilə başlayan ürək çatışmazlığı, aritmiya və ya tromb əmələ gəlməsi nəticəsində həqiqətən ürək infarktı ola bilər. Bu səbəbdən də pasiyent düzgün müayinə olunmalı və mütləq sürətli diaqnoz qoymalıyıq. Əgər ürək şikayəti ilə xəstəxanaya müraciət edən pasiyentə koronavirus şübhəsi ilə yanaşmasaq, həm onun həyatını, həm də öz həyatımızı riskə atmış olarıq. Səhv diaqnoz pasiyentin düzgün müalicə olunmasını əngəlləməklə yanlış müalicə metodlarının tətbiqinə yol aça bilər. Bunun üçün xüsusilə kardioloqların koronavirusla mübarizədə diqqətli olması həyati əhəmiyyət daşıyır.

- Ürək-damar problemi olan pasiyentlərə nə məsləhət görürsünüz? Onlar özlərini koronavirusdan necə qorumalıdırlar?

- Pandemiyadan ən çox təsirlənən və ölüm nisbəti ən yüksək olan qrup 60 yaşdan yuxarı xroniki xəstəliyi olan insanlardır. Xroniki xəstəliklər arasında ən çox görülən isə ürək-damar xəstəlikləri, diabet və yüksək təzyiqdir. Ona görə də kardioloqların koronavirusla mübarizədə aktiv rol alması qaçılmazdır. Bu qrupdan olan xəstələr mümkün qədər təcrid olunmalı və zəruri hallar istisna olmaqla insanların kütləvi toplaşdığı mühitlərdən uzaq durmalıdırlar. Türkiyə Səhiyyə Nazirliyinin bu müddətdə verdiyi ən doğru qərarlardan biri məhz dərmanlarını reseptlə alan pasiyentlərin xəstəxanaya getmədən apteklərdən əldə edə bilməsi oldu.

Digər bir məsələ isə evdə qalma müddəti uzandıqca insanların stress yükü artır. Ürək-damar xəstəliklərində başlıca səbəblərdən biri məhz stressdir. Bu müddətdə stress artdıqca infarkt ehtimalı da artır. Ona görə də xəstələr istifadə etdikləri dərmanları əsla dayandırmamalı, evdə 30-60 dəqiqə arası idmanla məşğul olmalı, yağlı, duzlu və karbohidrat tərkibli qidalardan uzaq durmalı, daha çox bitki mənşəli və protein tərkibli qidalarla bəslənməlidilər.

- Hazırda dünyada xeyli sayda həkim koronavirusa yoluxub. Bu günlərdə pasiyentlərlə mütəmadi olaraq əlaqədə olan bir tibb işçisi kimi özünüzü necə qoruyursunuz?

- Bu gün Türkiyədə 7 478 tibb işçisi koronavirusa yoluxub. Bu, çox ciddi bir rəqəmdir. Hesab edirəm ki, xəstəxananın qapısına gələn hər bir pasiyentə bütün tibb işçiləri onun koronavirus daşıyıcısı ola biləcəyi düşüncəsi ilə yanaşmalıdırlar. Sizə bu günlərdə başıma gələn bir əhvalatı danışmaq istəyirəm. Ürək çatışmazlığı və ritm pozğunluğu səbəbindən ürəyinə kardiostimulyator taxdığım pasiyentimin vəziyyəti bizi qane etmədi və onu koronavirus testindən keçirdik. Nəticədə xəstəmizin koronavirusa yoluxduğu məlum oldu. Əgər əməliyyat zamanı və reanimasiya otaqlarında qoruyucu vasitələrdən istifadə etməsək, çevrəmizdəki həkimləri də koronavirusua yoluxdura bilərik. Bu günlərdə tədbirli olmağımız çox vacibdir. Tibb işçiləri qoruyucu vasitələrdən (əlcək, tibbi maska, xüsusi geyimlər) istifadə edərək müayinəni qısa müddətdə bitirib prosedurdan sonra əllərini yumalıdır. Klinikada işləyən tibb işçiləri xəstələri qorumaq üçün ilk öncə özlərini qorumalıdırlar. Bunun üçün də mütəmadi olaraq onlara xəbərdarlıq edilməlidir.

- Bu gün Azərbaycan və Türkiyədə tətbiq olunan karantin qaydaları koronavirüsün yayılma tempini azaltmaqda nə qədər effektivdir?

- Azərbaycan hökumətinin koronavirusla mübarizədə gördüyü tədbirlər olduqca uğurludur. Hətta Türkiyədən fərqli olaraq, Azərbaycanda mübarizə tədbirlərinə daha tez başlanıldı. Təbii ki, burada əhalinin sayının Türkiyədən az olması da vacib göstəricidir. Əgər karantin qaydalarına bu şəkildə əməl olunarsa, Azərbaycanın çox ağır itkilər vermədən yaxın gələcəkdə koronavirusdan yaxa qurtaracağını düşünürəm. Türkiyədə karantin qaydalarına əməl etməyən böyük bir qrup var. Bu ölkədə gənc və xüsusilə işləyən kəsim çoxdur. Düşünün, 82 milyon əhalisi olan bir ölkədən danışırıq. Koronavirusun qarşısının alınması istiqamətində görülən tədbirlər təqdirəlayiqdir. İnsanlar bir qədər məlumatlı olub hökumətin qoyduğu qayda-qanunlara riayət etsələr, qısa zamanda Türkiyənin də bu mübarizədən qalib çıxacağı fikrindəyəm.

- Koronavirusa qarşı vaksinin hazırlığı ilə bağlı da düşüncələrinizi bilmək istərdik..

- Təbii ki, digər viruslar kimi, koronavirus da zamanla xarakterini açıq şəkildə ortaya qoyacaq. Belə ki, koronavirusun ya mutasiyaya uğrayıb yox olacağını, ya da daha da aqressivləşəcəyini düşünürəm. Bu prosesin nə qədər zamanda reallaşacağını heç kim deyə bilməz. Hazırda heç bir dərman bu virusa qarşı spesifik deyil. Yeni spesifik dərmanların yaradılması isə 10-14 aylıq laboratoriya araşdırması istəyir. Fikrimcə, peyvəndin tapılması ilə bu xəstəliyə son qoya bilərik. Ancaq bir vaksini hazırlanması, tətbiqi və nəticəyə uyğun olaraq istifadəsi minimum 1-2 il tələb edir.

- Sizcə növbəti mərhələdə bizi nələr gözləyə bilər? İnsanlar nə qədər müddətə normal həyata dönə biləcək?

- Artıq koronavirusun öldürücü gücünün pik səviyyəsi arxada qaldı. Son həftələrdə statistik göstəricilər bütün dünyada bir qədər ürəkaçan olmağa başladı. Zənnimcə, bir və ya iki ay sonra koronavirusun təsirinin daha da azalacağını düşünürəm. İnsanlar evdə qalaraq, digər insanlarla aralarındakı məsafəni qoruyaraq, eyni zamanda gigiyenik qaydalara əməl edərək gedişatın müsbət istiqamətində irəliləməsinə dəstək verə bilərlər. Hazırda fəsil dəyişir, havalar isindikcə koronavirusun xarakteristikasının necə dəyişəcəyini bilmirik. Bir kardioloq kimi bütün dünyada olan, xüsusilə Azərbaycan və Türkiyədəki bütün insanlara səslənirəm: bir qədər səbrli olsanız, hər şey qısa zamanda yoluna düşəcək. Əgər virusun bir əlamətini belə özünüzdə hiss etsəniz, mütləq xəstəxanaya müraciət edin.

Müxbir: Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi