Azərbaycanın təhsil müəssisələrində "donuz qripi"nə qarşı aparılan dezinfeksiya işləri yekunlaşıb

Azərbaycanın təhsil müəssisələrində "donuz qripi"nə qarşı aparılan dezinfeksiya işləri yekunlaşıb Dezinfeksiya işləri çərçivəsində məktəb və ya ali təhsil müəssisələrində "donuz qripi" ilə bağlı heç bir şikayət olmayıb
Sağlamlıq
17 Fevral , 2016 11:30
Azərbaycanın təhsil müəssisələrində donuz qripinə qarşı aparılan dezinfeksiya işləri yekunlaşıb

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanda "donuz qripi" təhlükəsinə qarşı 536 məktəb və 466 uşaq bağçasında dezinfeksiya işləri aparılıb. Bu barədə "Report"a açıqlamasında Bakı Şəhər Dezinfeksiya Stansiyasının kadrlar üzrə mütəxəssisi Kamalə Cəfərova məlumat verib.

Onun sözlərinə görə, akademiya, gimnaziya, təhsil kompleksləri, peşə məktəbləri və liseylərlə birlikdə ümumilikdə 76 təhsil müəssisəsində dezinfeksiya işləri aparılıb: "Artıq işlər tam yekunlaşıb. Dezinfeksiya işləri Bakı, Gəncə, Mingəçevir, Sumqayıt və Abşerondakı məktəb və bağçalarda həyata keçirilib.

Stansiyanın mütəxəssisi qeyd edib ki, dezinfeksiya işləri çərçivəsində məktəbdə və ya ali təhsil müəssisələrində "donuz qripi" ilə bağlı heç bir şikayət olmayıb.

K.Cəfərova onu da əlavə edib ki, təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılması müqavilə əsasında həyata keçirilir: "Qurumlar arasında bağlanan müqaviləyə görə işlərin aparılması bir aydan bir, yaxud da ayda bir və ya iki dəfə keçirilə bilər. Bundan başqa, tək "donuz qripi" təhlükəsinə qarşı deyil, istənilən vaxt dezinfeksiya işləri aparıla bilər".

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova isə "Report"a açıqlamasında hazırda Azərbaycanda epidemioloji durumun sabit olduğunu və bu günədək "donuz qripi" xəstəliyinin qeydə alınmadığını deyib.

Xatırladaq ki, Azərbaycanda "donuz qripi" virusunun qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində ölkədə yerləşən təhsil müəssisələrinin dezinfeksiya işlərinə başlanılması üçün səhiyyə naziri Oqtay Şirəliyev yanvarın 19-da əmr imzalayıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında "donuz qripi" xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb və onlar hazır vəziyyətə gətirilib.

Son xəbərlər

Orphus sistemi