Azərbaycandakı məktəblərdə sağlamlığı təşviq edən siniflər yaradıla bilər

Azərbaycandakı məktəblərdə sağlamlığı təşviq edən siniflər yaradıla bilər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə bir sıra Avropa ölkələrindəki məktəblərdə sağlamlığı təşviq edən siniflər yaradılıb
Sağlamlıq
15 Mart , 2017 13:01
Azərbaycandakı məktəblərdə sağlamlığı təşviq edən siniflər yaradıla bilər

Bakı. 15 mart. REPORT.AZ/ “İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) 25 məktəbdə sağlam qidalanma, gündəlik qida norması ilə bağlı monitorinq keçirib”. 

“Report” xəbər verir ki, bunu İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında sağlam qidalanmaya dair keçirilən müzakirələrdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu prosesdə 2 004 şagird və 1 500 valideyn, 500 müəllim sorğuya cəlb edib: “Sorğu nəticəsində məlum oldu ki, şagirdlərin 48 faizi sağlam qidanın nə olduğunu bilirdi. Onlar bununla bağlı məlumatları daha çox öz müəllimlərindən öyrəndiklərini qeyd ediblər. Lakin şagirdlərin qida seçiminə təsir edən məhz valideynlərdir”.

Şöbə müdiri bildirib ki, uşaq sağlamlığı üçün vacib olan süd məhsullarının satışına yalnız bir məktəbdə rast gəlinib, 13 məktəbdə isə soyuducunun olmaması süd və digər məhsulların saxlanılmasında problemlər yaradıb: “Sorğu nəticəsində məlum olub ki, məktəblərdə tənəffüs vaxtı az olduğundan şagirdlər sinif otağında yeməyə məcbur olurlar. Uşaqlar yuxudan gec oyandığından 48 faiz şagird səhər yeməyini şirniyyatla əvəz edir və bunu yolda yeyir. Bu da sağlam qidaya, sağlamlığa və biliyin qavranılmasına öz mənfi təsirini göstərir”.

“Sorğu nəticəsində maraqlı nəticələr əldə olunub, hesabat hazırlanıb. Təhsil Nazirliyi ilə bu istiqamətdəki fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik. Eyni zamanda, Təhsil Nazirliyi sağlam qidalanmanı kurrikuluma salmaq niyyətindədir. Bununla bağlı tövsiyələrimizi verməliyik ki, bu işlər davam etdirilsin. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə bir sıra Avropa ölkələrindəki məktəblərdə sağlamlığı təşviq edən siniflər yaradılıb. Artıq Səhiyyə Nazirliyinin tapşırığı ilə İSİM-də belə siniflərin Azərbaycanda təşkili, nə dərəcədə sərfəli olması və digər məsələlərlə bağlı araşdırmalara başlanılıb”, - deyə S.Babazadə vurğulayıb.

Son xəbərlər

Orphus sistemi