Uroloq: "Azərbaycanda xəstələr arasında böyrək daşlarının təkrar yaranmasına tez-tez rast gəlinir"

Uroloq: "Azərbaycanda xəstələr arasında böyrək daşlarının təkrar yaranmasına tez-tez rast gəlinir" "Xəstələr şəkərə nəzarət edə bilmədikləri üçün böyrək funksiyalarında itkilər əmələ gəlir"
Sağlamlıq
26 Oktyabr , 2015 14:27
Uroloq: Azərbaycanda xəstələr arasında böyrək daşlarının təkrar yaranmasına tez-tez rast gəlinir

Bakı. 26 oktyabr. REPORT.AZ/ "Əvvəlki illərlə müqayisədə Azərbaycanda uroloji vəziyyət nisbətən müsbətə doğru dəyişir. Bütün dünyada olduğu kimi, bizim ölkədə də uroloji xəstəliklərin sayında artım müşahidə olunur, ancaq bu sahəyə aid kadr potensialının inkişafı vəziyyətin müsbətə doğru irəliləyişə təkan verir. Ona görə də hazırda xəstələr daha savadlı həkimə müraciət etməkdə çətinlik çəkmirlər". Bunu "Report"a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Urologiya şöbəsinin müdiri, cərrah-uroloq Fikrət Əhmədov deyib.

Onun sözlərinə görə, bu gün uroloji xəstəliklər arasında daha çox böyrək daşı xəstəliyi yayılıb: "Dünyada olduğu kimi, Azərbaycanda da bu xəstəliyin sayında artım müşahidə olunur. Daş xəstəliyinin əmələ gəlməsində əsas risk faktorunu qidalanma, xüsusilə də Avropa üsulu ilə qidalanma tərzi, fiziki aktivliyin azalması, artıq çəki və piylənmə təşkil edir".

İnsanların təbii qidalardan daha çox süni qidalara üstünlük verdiklərinə diqqət çəkən cərrah-uroloq bildirib ki, bu səbəbdən böyrək daşlarının təkrar yaranmasına tez-tez rast gəlinir: "Çünki xəstələrimiz həkimlərin onlar üçün yazdığı dieataya və profilaktik tədbirlərə riayət etmirlər. Eyni zamanda, günlük həyatda lazımi qədər maye qəbul edə bilmirlər. Halbuki böyük yaşda olan insanlar gün ərzində ən azı 2 litr su içməlidirlər. Bütün deyilənlərə ciddi əməl olunmadığı təqdirdə gələcəkdə böyrək çatışmazlığından əziyyət çəkmək riski çox olur".

O, həmçinin əlavə edib ki, son zamanlar şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayı da artır: "Hətta bu xəstəlikdən əziyyət çəkənlərin yaşları gəncləşməyə doğru gedir. Xəstələr şəkərə nəzarət edə bilmədikləri üçün böyrək funksiyalarında itkilər əmələ gəlir. Bu da tədricən böyrək çatışmazlığına səbəb olur".  

Son xəbərlər

Orphus sistemi