Azərbaycanda uşaq olmayan ailələrin 60-75 faizi boşanır

Azərbaycanda uşaq olmayan ailələrin 60-75 faizi boşanır Aynur Sofiyeva: “Talassemiya xəstəliyi ilə doğulan uşaqların sayı da bizi narahat edən əsas məsələlərdəndir”
Sağlamlıq
20 Fevral , 2015 12:03
Azərbaycanda uşaq olmayan ailələrin 60-75 faizi boşanır

Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Bakıda “Sağlam ailə, sağlam cəmiyyət, güclü dövlət” adlı konfrans keçirilib. “Report” xəbər verir ki, tədbirdə təşkilatçı qurumların rəhbərliyi, dövlət rəsmiləri, gənclər təşkilatlarının nümayəndələri, fəal gənclər iştirak ediblər.

Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib ki, tədbirin məqsədi nikaha daxil olan şəxlərin nikahdan əvvəl tibbi müayinə keçməsi ilə bağlı Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında yeniliyin təbliğidir.

O qeyd edib ki, ailə məsələləri son zamanlar öz aktuallığı ilə xüsusi diqqət çəkir: “Fikir versək görərik ki, son zamanlar uşaq olmayan ailələrdə boşanma halları daha çox qeydə alınır. Hətta bu rəqəm 60-75 faiz təşkil edir. Həmçinin Azərbaycanda talassemiya xəstəliyi ilə doğulan uşaqların sayı da bizi narahat edən əsas məsələlərdəndir. Belə ki, il ərzində 300-ə yaxın uşaq məhz bu xəstəliklə doğulur. Bütün bu kimi neqativ halları nəzərə alaraq, Ailə Məcəlləsinə edilən mövcud dəyişiklik çoxdan lazım idi. Çünki əsas istəyimiz ailələrin möhkəm və sağlam təməldə qurulmasıdır. Odur ki, ailə dəyərlərinin təbliği istiqamətində atılan bu addımı yüksək qiymətləndiririk”.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib ki, ailə dəyərləri tək cəmiyyət həyatı üçün deyil, eləcə də bəşəriyyət üçün önəmlidir: “Çünki ailə sağlam olarsa, o zaman cəmiyyət də sağlam olar. Ailə Məcəlləsinə edilən mövcud dəyişikliklərlə bağlı 15 ilə yaxın idi ki, müzakirə aparılırdı. Əvvəllər bəziləri bunun insan haqlarına zidd olduğunu deyirdi. Müxtəlif çətinliklərə rəğmən uzun zamandan sonra nəhayət ki, keçən il dəyişiklikləri qəbul edə bildik. Hətta hazırda cəmiyyət özü tələb edir ki, gənclər nikahdan əvvəl tibbi müayinədən keçsinlər”.

M.Quliyev onu da qeyd edib ki, gənclərlə yanaşı onların valideynlərini də bu barədə geniş məlumatlandırmaq lazımdır: “Onu da vurğulayım ki, mövcud dəyişiklik cari ilin iyulun 1-dən qüvvəyə minəcək. Bəlkə də qanunun icrasından 15 il sonra hemofiliya, talassemiya və digər təhlükəli xəstəliklərin kökü kəsiləcək. Çünki Azərbaycanda ildən-ilə xəstə doğulan uşaqların sayında artım müşahidə olunur. Qanunun tədbiqi cəmiyyətin sağlam şəkildə inkişafına öz müsbət təsirini göstərmiş olacaq”.

Tədbirdə mövzu ətrafında konfrans iştirakçılarının, o cümlədən gənclər təşkilatlarının rəhbərlərinin və fəal gənclərin fikirləri dinlənilib. Konfrans qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Son xəbərlər

Orphus sistemi