Yuxarı

Azərbaycanda tibb müəssisələrinə İİV/QİÇS-lə bağlı klinik protokol paylanılır

Klinik protokol müəyyən tibbi müdaxilələrin effektivliyi üzrə ən etibarlı elmi məlumatlara əsaslanaraq tərtib olunub

Bakı. 30 aprel. REPORT.AZ/ Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti klinik protokol işıq üzü görüb. İSİM-dən "Report"a verilən xəbərə görə, "İİV/QİÇS-li xəstələrdə opportunistik infeksiyaların profilaktika, diaqnostika və müalicəsi üzrə klinik protokol" qabaqcıl mütəxəssislər tərəfindən tərtib olunub və tibb müəssisələrində İİV/QİÇS-li xəstələrinə yardım göstərən həkimlərin istifadəsi üçün nəzərdə tutulub. Klinik protokolun hədəf qrupu İİV/QİÇS-li xəstələrdir.

Klinik protokol İİV/QİÇS-li xəstələrdə opportunistik infeksiyaların diaqnostika, müalicə və profilaktikasının təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb. Sənəd diaqnostika və müalicə sahəsində sübutlu təbəbata əsaslanan müasir praktiki metodları təklif edir. Klinik protokolda İİV/QİÇS-li xəstələrdə erkən diaqnostikanın keyfiyyətinin artırılması, xəstələrin həyat keyfiyyətinin və sosial adaptasiyasının yaxşılaşdırılması məsələlərinə toxunulur.

"İİV/QİÇS-li xəstələrdə opportunistik infeksiyaların profilaktika, diaqnostika və müalicəsi üzrə klinik protokol" müəyyən tibbi müdaxilələrin effektivliyi üzrə ən etibarlı elmi məlumatlara əsaslanaraq tərtib olunub. Protokolun tərtib edilməsi zamanı işçi qrup ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (Centers for Disease Control and Prevention, CDC), İngiltərə Milli Sağlamlıq və Tibbi Yardım Keyfiyyəti İnstitutu (National Institute for Health and Clinical Excellence, NICE), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kimi mənbələrin apardığı tədqiqatların nəticələrindən istifadə edib. Hazırda klinik protokol İSİM tərəfindən aidiyyəti tibb müəssisələrinə paylanmasına başlanılıb.

Qeyd edək ki, hazırda ağır Oİ-lər aşkarlanan xəstələrin 90%-ni özlərinin İİV-ə yoluxması haqda məlumatı olmayan və ya məlumatı olan, lakin antiretrovirus terapiyadan (ART) imtina edən şəxslər təşkil edirlər. İİV statusu naməlum olan xəstələrdə hər hansı İİV-infeksiyası ilə assosiasiya olunan xəstəlik aşkar olunarsa, xəstəyə İİV testi və testdən öncə konsultasiya təklif olunmalıdır. Konsultasiya zamanı xəstəyə testin aparılma səbəbləri və testin nəticəsindən asılı olaraq, sonrakı müalicənin düzgün aparılmasının vacibliyi izah edilməlidir. Xəstə testdən keçməkdə imtina hüququna malikdir. Bundan başqa, İİV-lə yaşayan insanlar (İYİ) arasında ən çox rast gəlinən opportunistik infeksiya vərəmdir. ÜST-nin məlumatlarına görə, 30% hallarda İYİ-nin ölüm səbəbi vərəmin latent forması və ya Mycobacterium tuberculosis ilə yeni yoluxma nəticəsində proqressivləşən vərəm infeksiyasıdır. İİV-infeksiyasının erkən mərhələsində vərəmin klinik əlamətləri İİV-ə yoluxmamış şəxslərlə eynidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi