Səhiyyə Nazirliyi: Azərbaycanda rezidentlərin əksəriyyəti işə təyinatla qəbul olunurlar

Səhiyyə Nazirliyi: Azərbaycanda rezidentlərin əksəriyyəti işə təyinatla qəbul olunurlar İndiyədək təyinat alma prosesində 242 rezident iştirak edib
Sağlamlıq
18 May , 2016 12:47
Səhiyyə Nazirliyi: Azərbaycanda rezidentlərin əksəriyyəti işə təyinatla qəbul olunurlar

Bakı. 18 may. REPORT.AZ/ "Əgər əvvəllər Səhiyyə Nazirliyi ilə rezidenturaya qəbul olanlar arasında müqavilə bağlanmırdısa, 2013-cü ildən Nazirlər Kabinetinin 330 nömrəli qərarı qüvvəyə mindikdən sonra rezidentlərlə nazirlik arasında "Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında" müqavilə bağlanılır. İndiyədək təyinat alma prosesində 242 rezident iştirak edib. Onların da böyük əksəriyyəti təyinatla getdikləri müəssisələrdə çalışırlar".

"Report"un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsinin mütəxəssisi Təranə Əhmədova deyib.

Onun sözlərinə görə, "Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları"na əsasən, dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətini 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər: "Nazirlik ilə müqaviləsi olmayan, yaxud təyinatdan imtina edənlər sonradan mərkəzləşdirilmiş qəbulda işə qəbul olunurlar. Adətən rezidenturanı bitirənlərin əksəriyyəti təyinatda iştirak edərək təklif olunan vakant yerlər arasında seçim edirlər".

T.Əhmədova təyinatdan imtina etmə səbəblərini də açıqlayaraq bildirib ki, müqavilə olmadıqda rezidentlər təyinatdan imtina edə bilərlər: "Bəzi rezidentlər evlərinə yaxın yerdə işə düzəlmək istəyirlər. Bu halda da onlar təyinatdan imtina edərək sonradan mərkəzləşdirilmiş qaydada imtahan verərək yaşayış yerlərinə yaxın müəssisədə vakant yerə işə qəbul olunurlar".

T.Əhmədova deyib ki, 3 illik təyinat müddəti başa çatdıqdan sonra onlar işlədikləri həmin müəssisədə fəaliyyətlərini davam etdirə bilərlər: "Təyinat bitdikdən sonra həmin yerdə işləmək istəmədikdə isə mərkəzləşdirilmiş qaydada imtahan verərək özlərinə uyğun vakant yerdə işləyə bilərlər".

Son xəbərlər

Orphus sistemi