Bakı. 20 dekabr. REPORT.AZ/ Dekabrın 19-da Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı ilə I patomorfoloji elmi-praktik konfrans keçirilib. Bu barədə "Report"a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
“URO - nefroloji xəstələrdə müasir patomorfoloji müayinələr: imkanlar və perspektivlər” mövzusuna həsr olunan konfransda Azərbaycan tibb elminin tanınmış nümayəndələri, həkim və mütəxəssislər iştirak ediblər.
Tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Səttar Yaqubov bildirib ki, ilk dəfə təşkil olunan konfransda məqsəd patomorfoloji müayinələr barədə fikir mübadiləsi aparmaqdır. Bu konfransın sözügedən sahədə ölkə səhiyyəsi üçün əhəmiyyətinə toxunan rəis müavini qeyd edib ki, konfransda nefroloji xəstələrdə müasir patomorfoloji müayinələr və xəstəliyin müalicəsi ilə bağlı maraqlı açıqlamalar veriləcək.
Sonra konfrans işə başlayıb və tədbirdə “Böyrək biopsinin klinik əhəmiyyəti”, “Müasir patomorfoloji müayinələr”, “Perkutan orqan biopsiyaları” və s. mövzuda mühazirələr dinlənilib, təqdimatlar keçirilib.