Azərbaycanda nikaha daxil olacaq şəxslərin icbari tibbi müayinədən keçməsi qaydası qüvvəyə minib

Azərbaycanda nikaha daxil olacaq şəxslərin icbari tibbi müayinədən keçməsi qaydası qüvvəyə minib Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi dövlət tibb müəssisələrində pulsuz aparılır
Sağlamlıq
1 İyun , 2015 10:00
Azərbaycanda nikaha daxil olacaq şəxslərin icbari tibbi müayinədən keçməsi qaydası qüvvəyə minib

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı qaydalar qüvvəyə minib. "Report" xəbər verir ki, sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəliklə, xüsusən diyar xəstəliyi olan talassemiya və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədilə keçiriləcək tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyinin müəyyən etdiyi dövlət tibb müəssisəsində həyata keçiriləcək. 

Nikaha daxil olmaq istəyən şəxslərin hər biri talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçməlidirlər. Müayinənin nəticələri həkim sirridir. Ona görə də nikaha daxil olmaq istəyən şəxslər müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumatlandırılırlar və onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər verilir.

Qaydalara əsasən, nikaha daxil olmaq istəyən tərəf tibbi müayinənin nəticəsi barədə digər tərəfi məlumatlandırır və yalnız yazılı razılıqlarına əsasən cütlüyə birlikdə həkim məsləhəti verilə bilər. Tibbi müayinənin nəticələri nikaha daxil olmaq istəyən şəxslərə yazılı formada təqdim edilməklə rəsmiləşdirilir. Tibbi müayinənin keçirilməsinə, habelə məsləhətlərin verilməsinə və qeydiyyatın aparılmasına nəzarəti tibb müəssisəsinin bilavasitə rəhbəri həyata keçirməlidir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Nikaha daxil olmaq istəyən şəxslərə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə təqdim edilməsi üçün tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Arayışda müayinənin nəticələri əks olunmur. Arayış tibb müəssisəsinin rəhbəri və tibbi müayinənin aparılmasına məsul həkim tərəfindən imzalanır və müəssisənin möhürü ilə təsdiq edilir. Tibbi arayış nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən sonra iki həftədən gec olmayaraq verilməlidir və veriləcək tibbi arayışın etibarlılıq müddəti bir aydır.

Bundan başqa, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin həyata keçirilməsinə cəlb edilən səhiyyə müəssisələri və onların vəzifələri müəyyən edilib. Bu tədbirləri Azərbaycanın regionlarında Mərkəzi Rayon xəstəxanaları və ya şəhər xəstəxanalarının, şəhər səhiyyə şöbələrinin əvvəlcədən müəyyən edilən tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayonda təyin olunan poliklinikalar, Hematologiya və Transfuziologiya İnstitutu, Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Perinatal Mərkəzi həyata keçirəcək. Proqrama cəlb olunan bütün rayon və şəhər səhiyyə müəssisələri yerlərdə skrininq aparılması üçün hematoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin olunublar.

Götürülən qan nümunələrinin Bakı şəhərinə çatdırılması üçün Xüsusi Qan Xidməti avtomobilləri ayrılıb və marşrutları müəyyən edilib. Eyni zamanda, Hematologiya İnstitutunda talassemiyanın profilaktikası şöbəsi yaradılıb. Şöbə talassemiyanın təsdiqedici müayinələrinin keçirilməsi üçün müasir standartlara uyğun bütün lazımi laborator avadanlıq və kadrlarla təmin olunub. Səhiyyə Nazirliyinin 77 nömrəli əmrinə uyğun olaraq Mərkəzi Rayon xəstəxanaları və şəhər səhiyyə idarələrinin müəyyən olunmuş tibb müəssisələrində hematoloji kabinetlər yaradılıb.

Son xəbərlər

Orphus sistemi