Azərbaycanda ilk dəfə elektron təbabət üzrə ümumrespublika elmi konfransı keçiriləcək

Azərbaycanda ilk dəfə elektron təbabət üzrə ümumrespublika elmi konfransı keçiriləcək AMEA nümayəndələri ilə görüşdə elmi konfransın detalları müzakirə olunub
Sağlamlıq
20 Aprel , 2016 09:34
Azərbaycanda ilk dəfə elektron təbabət üzrə ümumrespublika elmi konfransı keçiriləcək

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə elektron təbabət üzrə ümumrespublika elmi konfransı keçiriləcək. Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 24-də olacaq konfransda tibb sahəsində İnformasiya Kommunikasiya Texnologiyalarının tətbiqi ilə bağlı müxtəlif məsələlər müzakirə olunacaq. 

Konfransda İKT sahəsi ilə yanaşı, tibb elminin öncülləri, o cümlədən Azərbaycan Tibb Universitetinin nümayəndələrinin çıxışları da nəzərdə tutulub.

Konfransın təşkilat komitəsinin üzvləri Azərbaycan Tibb Universitetində olublar, universitet rəhbərliyi ilə bu geniş tədbirə hazırlıq işlərini müzakirə ediblər. Komitə üzvləri ilə görüşdə Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli ölkədə bu mövzuda elmi yığıncağın təşkilinin böyük əhəmiyyət daşıdığını deyib: "Belə bir tədbirin təşkili həm Azərbaycan təbabəti, həm də tibb təhsili üçün çox önəmlidir. Bu mövzu tibb sahəsində yeniliklərlə bağlı olduğundan, bizim üçün gələcəyə aparan bir yoldur".

Tibb Universiteti konfransın işində fəal iştirak edəcəyini bildirən G.Gəraybəyli qeyd edib ki, ali məktəbin professorları öz məqalələrini elmi toplantıya təqdim edəcəklər. Rektor İKT sahəsində biliklərin artırılmasına ehtiyac olduğunu da söyləyib: "Etiraf edək ki, elektron təbabətin bir çox imkanlarından hələlik istifadə etmirik. Hazırda bizim ali məktəbdə elektron universitetin yaradılması üzrə işlər aparılır. Gələcəkdə ATU əməkdaşları üçün elektron təbabət üzrə təlimlərin keçirilməsi də istisna deyil".

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib ki, ölkədə İKT geniş tətbiq olunur: "Artıq elektron Azərbaycan formalaşır və e-hökumətin ayrı-ayrı seqmentləri ortaya çıxır. Bunlardan biri də elektron səhiyyədir. Tibb fəaliyyətində ayrı-ayrı sahələr üzrə virtual təbabətin geniş tətbiqi imkanları var. Konfransın məqsədi elektron tibbin bütün komponentlərinə diqqət cəlb etməkdən, bu sahədəki problemləri müzakirə etməkdən ibarətdir".

Qeyd edək ki, görüşdə ATU-nun prorektorları, kafedra və klinika rəhbərləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi