Yuxarı

Azərbaycanda İİV-dən ölənlərin sayı açıqlanıb

Onların hamısı Azərbaycan vətəndaşlarıdır

Bakı. 1 dekabr. REPORT.AZ/ "2014-cü ilin 11 ayı ərzində Azərbaycanda 561 yeni İİV-ə yoluxma faktı aşkarlanıb. Onlardan 545-i (97,1%) Azərbaycan vətəndaşı, 16 nəfəri (2,9%) isə əcnəbi vətəndaşlardır. Qeydiyyata alınmış 545 Azərbaycan vətəndaşından 336-sı (61,7%) kişi, 209-u (38,3%) qadındır". "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən bu günə qədər Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 4859 nəfər rəsmi qeydiyyata götürülüb: "Onlardan 4694 nəfəri (96,6%) Azərbaycan vətəndaşı, 165 nəfəri (3,4%) isə əcnəbilərdir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 3572-si (76,1%) kişi, 1122-si (23,9%) qadındır".

O, həmçinin qeyd edib ki, QİÇS mərhələsində olan insanların sayı 1508 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1484 nəfərdir: "İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 667 nəfərdir. Onların hamısı Azərbaycan vətəndaşlarıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi