Azərbaycanda həkimlər körpə uşaq üzərində mürəkkəb əməliyyat keçiriblər - FOTO

Azərbaycanda həkimlər körpə uşaq üzərində mürəkkəb əməliyyat keçiriblər - FOTO Hazırda uşağın vəziyyəti stabildir
Sağlamlıq
13 Avqust , 2015 14:39
Azərbaycanda həkimlər körpə uşaq üzərində mürəkkəb əməliyyat keçiriblər  - FOTO

Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkimləri körpə uşağı əməliyyat ediblər. Universitetdən "Report"a verilən xəbərə görə, Tədris Cərrahiyyə Klinikasında anadangəlmə inkişaf qüsuru olan uşaq üzərində bağırsaq əməliyyatı icra olunub.

ATU-nun uşaq cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Vüqar Məhəmmədovun sözlərinə görə, uşaq avqustun 4-ü doğulub, bir gün sonra isə əməliyyata alınıb: "Körpənin bağırsağında ciddi qüsur - atreziya olubmuş. Bu haqda hələ uşaq doğulmazdan öncə məlumatımız vardı. Çünki antinatal ultrasəs müayinə zamanı bu problemi aşkarlayıb körpənin valideynlərinə məlumat vermişdik. Yəni, biz artıq əməliyyata hazır idik.

Körpə 38 həftəliyində 1 kq 940 qr çəki ilə dünyaya gəlib. Bir gün sonra ATU mütəxəssisləri onu əməliyyat ediblər. Saat yarım davam edən əməliyyat zamanı nazik bağırsaqda anadangəlmə inkişafüstü atreziyanın "3B" adlandırılan ən ağır forması aşkar olunub. Bu, nazik bağırsağın ən yuxarı hissələrinin atreziyasıdır. Belə ki, uşaqda inkişaf pozğunluğu nəticəsində bağırsağın hər iki ucunun kor qurtarması kimi patalogiya aşkarlanıb. Təəssüf ki, digər atreziya formalarına nisbətən "3B" formasında ölüm göstəricisi daha yüksəkdir. Bu diaqnozla doğulan uşaqların 50-60 faizində ciddi fəsad və ya ölüm hallarına rast gəlinir".

V.Məhəmmədov qeyd edib ki, əməliyyat ümumi anesteziya altında aparılıb və uğurla həyata keçirilib: "Əməliyyatdan sonra körpə neonatal intensiv terapiya şöbəsinə yerləşdirilib. Bir həftə ərzində uşağı süni yolla - damarla qidalandırdıqdan sonra artıq təbii qidalandırmaya keçmişik. Demək olar ki, kritik günlərimiz arxada qalıb. Hazırda uşağın vəziyyəti stabildir. Qarın boşluğundakı kateter çıxarılıb. Əgər hansısa problem yaranmasa qidalanmanı tədricən artırmaqla, xəstənin tam normallaşmasına nail olacağıq".

Son xəbərlər

Orphus sistemi