Yuxarı

Azərbaycanda epilepsiyadan əziyyət çəkən insanların sayı açıqlanıb

Ölkədə epilepsiyadan əziyyət çəkən vətəndaşlara yüksək səviyyədə tibbi yardım göstərilir

Bakı. 28 mart. REPORT.AZ/ Hazırda dünyada 50 milyondan çox, Azərbaycanda isə 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir. "Report"un məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərdə deyilir.

Məlumata görə, müxtəlif ölkələrdə hər 100 min nəfər əhali arasında 20-53 epilepsiyaya tutulma halına rast gəlinir. İnkişaf edən ölkələrdə bu göstərici 100-190 hadisə təşkil edir. Azərbaycanda isə bu, 25-dən 83-dək təşkil edir.

Son 15 ildə Azərbaycanda epilepsiya ilə bağlı problemlərin həlli üçün ciddi işlər görülüb. Epilepsiyanın epidemiologiyası, xəstəliyin nazoloji və semioloji strukturu, onların həyat keyfiyyəti öyrənilib. Müxtəlif tədqiqatlarda epilepsiyalar zamanı mövcud olan qeydiyyat sisteminin, diaqnostikanın keyfiyyətinin, müalicənin və sosial yardımın qiymətləndirilməsi aparılıb.

"Ölkədə epilepsiyadan əziyyət çəkən vətəndaşlara yüksək səviyyədə tibbi yardım göstərilir. Bunlardan xəstələrin tibbi yardım və birinci səviyyə antiepileptik dərmanlarla (fenobarbital, difenin, karbamazepin və valproy turşusu) dövlət hesabına təmin olunmasını, əlilliyə görə müavinətin ayrılmasını, epilepsiya əleyhinə preparatlarla təchizat, diaqnozun təyinində və differensə olunmuş müalicədə həkim-epileptoloqların konsultasiyalarının təşkili, epilepsiyalı hamilə qadınlarda mümkün ola biləcək ağırlaşmaların vaxtında qarşısının alınması məqsədilə onların daim həkim-epileptoloqun və ginekoloqların ciddi nəzarətdə saxlanmasını misal çəkmək olar", - deyə nazirlikdən bildirilib.

Epilepsiyanın yaranma səbəbləri müxtəlifdir. Bir sıra hallarda əsasən kiçik yaşlı uşaqlarda və yeniyetmələrdə onun əsasında genetik faktorlar durur. Lakin təxminən 50% hallarda epilepsiyanın səbəbi təyin olunmamış qalır. Epilepsiyanın simptomatik növlərində xəstəliyin əmələ gəlmə səbəbi beynin zədələnməsidir.

Qeyd edək ki, epilepsiya ən çox yayılmış nevroloji xəstəliklərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il 24 milyon insana geniş miqyasda epilepsiya diaqnozu qoyulur. Epilepsiya bədənin hər hansı bir hissəsində və ya bütün bədəndə qısamüddətli qeyri-iradi qıcolmalar, tutmalar şəklində meydana çıxan, beynin xroniki xəstəliyidir. Tutma zamanı xəstələrin yanında sakitliyi qoruya bilən və vaxtında yardıma yetişəcək insanların olması çox vacibdir. Epileptik tutma hətta bir dəfə olduğu halda həm xəstənin, həm də ətrafdakıların kifayət qədər güclü stressinə səbəb olur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi