Yuxarı

Azərbaycanda əlillərin, ahılların, ağır yataq xəstələrinin ehtiyacları öyrəniləcək

Bu cür xəstə qruplarının və xəstəliklərin siyahısının tərtib edilməsi planlaşdırılır

Bakı. 22 avqust. REPORT.AZ/ Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycanda palliativ yardım xidmətinə olan ehtiyacların qiymətləndirilməsini həyata keçirəcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, palliativ yardım xidməti dedikdə əlillərə, ahıllara, ağır yataq xəstələrinə, xəstəliyin ağırlaşan və geridönməz mərhələsi diaqnozu qoyulmuş pasiyentlərə həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə onlara və ailə üzvlərinə göstərilən xidmətlərin geniş tədbirlər sisteminin yaradılması nəzərdə tutulur.

Bu aydan etibarən araşdırma məqsədi ilə İSİM-in mütəxəssisləri paytaxtda və regionlarda (Abşeron, Gəncə-Qazax, Lənkəran, Aran, Quba-Xaçmaz, Şəki-Zaqatala və Dağlıq Şirvan) hər birində seçilmiş tibb müəssisələrinin rəhbərliyi, həkimləri, orta tibb personalın köməyi ilə bu xidmətdən bəhrələnə biləcək xəstələri və onların yaxınları müəyyən edərək sorğuya cəlb ediləcəklər.

Araşdırma zamanı palliativ yardım xidmətinin yaradılması üçün mövcud imkanlar və əngəllər müəyyən ediləcək. Layihə çərçivəsində görüləcək işin nəticəsində palliativ yardım xidmətinin yaradılması üçün kadr potensialının gücləndirilməsi, texniki və digər resursların əlçatanlığının təmin edilməsi, habelə xidmətin təşkili üzrə metodoloji və institusional inkişafa dair təkliflərin hazırlanması, o cümlədən palliativ yardıma ehtiyacı olan əsas xəstə qruplarının və xəstəliklərin siyahısının tərtib edilməsi planlaşdırılır.

Gələcəkdə palliativ yardımdan faydalanacaq pasiyentlərin ehtiyac duyduqları dərman və digər tibbi ləvazimatların siyahısının ilkin olaraq müəyyənləşdirilməsində bu araşdırma yardımçı olacaq.

Araşdırmanın nəticələrinə əsaslanaraq müvafiq tövsiyələrlə hesabatın hazırlanması və Səhiyyə Nazirliyinin müvafiq qurumlarının, ictimai təşkilatların və digər maraqlı mütəxəssislərin iştirakı ilə müzakirələrin aparılması nəzərdə tutulur.

İlin sonuna kimi davam edəcək bu fəaliyyət “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 9.1.3 və 9.3.1-ci bəndlərinə, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı” üzrə Fəaliyyət Planının 3.3.11-ci bəndinə uyğun olaraq həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi