Yuxarı
    Bağlamaq

    Azərbaycanda "donuz qripi"nin yayılmasının qarşısını almaq üçün profilaktik tədbirlərə başlanılıb

    Səhiyyə naziri Donuz qripi xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə əmr imzalayıb

    Bakı. 9 dekabr. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev son günlərdə Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında donuz qripinin yayılması ilə əlaqədar ölkədə bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb. Nazirlikdən "Report"a verilən xəbərə görə, "Donuz qripi xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" imzalanan əmrdə ölkənin şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə "donuz qripi" xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılmasının təminatı tapşırılır.

    Eyni zamanda, qripə tutulması şübhə doğuran xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması, lazım gəldikdə tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrlə təmin edilməsi, dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət yetirilməsi əmrdə öz əksini tapıb.

    Əmrdə ağır kəskin respirator xəstəlik halları barədə məlumat daxil olduğu halda dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi, şübhəli xəstələrdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, ölkənin şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzləri əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarətin gücləndirilməsi tapşırılıb.

    Müvafiq qurumlar yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyenanın gözlənilməsinin vacibliyi barədə əhali arasında maarifləndirmə işlərinin aparmalıdırlar, ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün mənfi təzyiqli boksları tam hazır vəziyyətə gətirməlidirlər, dərman vasitələri, tibbi ləvazimat və inventarla təchiz etməlidirlər. 

    Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə qrip və kəskin respirator infeksiyalara şübhəli xəstələr barədə dərhal məlumatların Səhiyyə Nazirliyinə təqdim olunmasının təminatı, Respublika Sanitariya-Karantin Müfəttişliyinin rəhbərliyinə, sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq donuz qripi baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasının təminatı, Respublika Taun Əleyhinə Stansiyasının rəhbərliyinə, donuz qripinin laborator diaqnostikasının aparılması üçün hazırlıq tədbirlərinin görülməsi tapşırılıb.

    Bütün səlahiyyətli qurumlar aparılmış laborator müayinələrin nəticələri, o cümlədən dövr edən virus ştamları barədə həftəlik məlumatları Səhiyyə Nazirliyinə təqdim etməlidirlər.

    Nazirlikdən o da bildirilib ki, hazırda ölkədə epidemioloji durum tam stabildir və ciddi nəzarət altındadır. Əhali arasında yoluxma halı və təhlükəli hal müşahidə olunmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi