​Azərbaycanda dərman vasitələrinin qiymətinin tənzimlənməsi qaydası açıqlanıb

​Azərbaycanda dərman vasitələrinin qiymətinin tənzimlənməsi qaydası açıqlanıb "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası" təsdiqlənib
Sağlamlıq
4 İyun , 2015 17:33
​Azərbaycanda dərman vasitələrinin qiymətinin tənzimlənməsi qaydası açıqlanıb

Bakı. 4 iyun. REPORT.AZ/ Nazirlər Kabineti "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası"nı təsdiqləyib.

"Report"un xəbərinə görə, bu qayda Azərbaycanda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsini və onlara nəzarətin həyata keçirilməsi qaydalarını müəyyən edir.

Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq "Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri"nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı şura tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir. Qiymətlərin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçirilir. Bazis qiymət dərman vasitəsinin dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla müxtəlif ölkələrdə topdansatış əczaçılıq müəssisələrinə rəsmi satış qiymətlərinin müqayisəsi əsasında müəyyən edilən qiymətdir.

Bazis qiymətlərin müəyyən edilməsi məqsədilə tənzimləmə təcrübəsi və dərman vasitələrinin qiymətləri üzrə informasiya mənbələrinə çıxış imkanları nəzərə alınmaqla, şura tərəfindən hər il üçün ən azı 5 istinad ölkəsi müəyyən edilir. İstinad ölkələrinin siyahısında dəyişiklik 2 ay əvvəlcədən elan edilməklə həyata keçirilir.

Növbəti ilin istinad ölkələri cari ilin 31 oktyabr tarixinə qədər şura tərəfindən elan edilir. Həmin tarixə qədər yeni ölkələr elan olunmadıqda, cari ilin istinad ölkələri sonrakı il üçün də eyni olaraq qalır.

Dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər tərəfindən təqdim edilmiş məlumatlar, habelə Tarif Şurasının Katibliyi tərəfindən istifadə olunan informasiya mənbələri dərman vasitələrinin qiymətləri barədə müfəssəl məlumatların əldə olunmasına imkan vermədikdə, dərman vasitələrinin qiymətlərinin monitorinqi üzrə ixtisaslaşmış təşkilatların xidmətlərindən istifadə olunur.

Dərmanların ƏDV-siz topdansatış qiyməti ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinə bu qaydanın 3.4-cü bəndinin cədvəl hissəsində topdansatış əczaçılıq müəssisəsi üçün nəzərdə tutulan müvafiq əlavələr edilməklə hesablanır. Dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiyməti, qiymət bəyannaməsi verilən tarixə ABŞ dollarının Mərkəzi Bankın rəsmi internet saytındakı məzənnəsi və nəzarət markasının qiyməti nəzərə alınmaqla bazis qiymət əsasında hesablanan qiymətdir.

Dərman vasitəsinin ƏDV-siz pərakəndə satış qiyməti dərman vasitəsinin ƏDV-siz topdansatış qiymətinə bu qaydanın 3.4-cü bəndinin cədvəl hissəsində aptek təşkilatı üçün nəzərdə tutulan müvafiq əlavələr edilməklə hesablanır.

Topdansatış əczaçılıq müəssisəsi və aptek təşkilatı üzrə əlavələrin səviyyəsi dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin hissələri (məbləğləri) üzrə faiz nisbətində ayrı-ayrılıqda müəyyən edilir.

Dərman vasitəsinin topdan və pərakəndə satış qiymətlərinin müəyyən edilməsi üçün aşağıdakı cədvəldə göstərilmiş əlavələr tətbiq edilir:

Dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiyməti Topdansatış əczaçılıq müəssisəsi üçün əlavə Aptek təşkilatı üçün əlavə
1 2 3
5 manata qədər olduqda (5 manat daxil olmaqla) topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 20 faizi topdansatış qiymətinin 20 faizi
5- 20 manat arasında olduqda (20 manat daxil olmaqla) 1 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 5 manatdan çox olan məbləğinin 17 faizi topdansatış qiymətinin 20 faizi
20-50 manat arasında olduqda (50 manat daxil olmaqla) 3,55 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 20 manatdan çox olan məbləğinin 13 faizi topdansatış qiymətinin 20 faizi
50-100 manat arasında olduqda (100 manat daxil olmaqla) 7,45 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 50 manatdan çox olan məbləğinin 7 faizi 11,49 manat + topdansatış qiymətinin 57,45 manatdan çox olan məbləğinin 13 faizi
100 manatdan artıq olduqda 10,95 manat+ topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 100 manatdan çox olan məbləğinin 3 faizi 18,45 manat + topdansatış qiymətinin 110,95 manatdan çox olan məbləğinin 11 faizi

Dərmanların topdan və pərakəndə satış qiymətləri Tarif Şurası tərəfindən ƏDV daxil olmaqla təsdiq edilir. Qymətlərin tənzimlənməsi üçün sənədlərin qəbulu və araşdırılmasını Tarif Şurasının Katibliyi həyata keçirir.

İstehsalçılar orijinal və generik dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün Şura tərəfindən müəyyən edilən bəyannamə forması ilə Katibliyə müraciət edirlər. İstehsalçılar təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyünü təmin etməlidirlər.

Bəyanamə forması aşağıdakı formada olmalıdır: 

Dərman vasitəsinin Azərbaycanda dövlət qeydiyyatına alınması haqqında sənədin (qeydiyyat vəsiqəsinin) surəti, yerli istehsal olan dərman vasitələri üçün auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları, dərman vasitəsinin istehsal, idxal edildiyi və ya farmasevtik forma aldığı ölkələrdə topdansatış əczaçılıq müəssisələrinə ən ucuz satış qiymətlərini göstərən və həmin ölkələr üzrə Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən Azərbaycan dilinə rəsmi tərcüməsi təsdiq edilən qiymət sənədləri, GMP (Good Manufacturing Practice) sertifikatı olduğu təqdirdə, sertifikatın notariat qaydasında təsdiq edilmiş surəti, orijinal dərman vasitəsinə ilk dəfə qiymət müəyyənləşdirildikdə onun orijinal olduğunu sübut edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti Katibliyə təqdim edilməlidir:

Sənədlərdə təhrif edilmiş və ya qeyri-dəqiq məlumatlar olduqda, sənədlər tam təqdim edilmədikdə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsindən imtina edilə bilər. İlk qiymət tənzimlənməsi üçün müraciət etmiş istehsalçının sənədlərinə 30 gün müddətində baxılır. Bu müddət qiymət tənzimlənməsi üçün təqdim edilən sənədlərin tam daxil olduğu gündən hesablanır.Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı sonrakı müraciətlərə 20 gün müddətində baxılır. Katiblik tərəfindən sənədlərə baxılarkən dərman vasitəsi haqqında məlumatların, o cümlədən dərman vasitəsinin orijinal və generik olması, həmin dərman vasitələrinin təyinatına və kimyəvi tərkibinə oxşar dərman vasitələri haqqında məlumatların əldə edilməsi ilə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərilir. Dərman vasitələri haqqında məlumat Səhiyyə Nazirliyi tərəfindən 5 iş günü müddətində Katibliyə təqdim edilir. Dərmanların qiymətinin tənzimlənməsindən imtina üçün əsaslar olmadıqda bu Qaydanın 5.2-ci bəndində müəyyən edilən müddətlərdə, müvafiq qərarın qəbul edilməsi üçün sənədlər Katiblik tərəfindən şuraya təqdim edilir.

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə Şura tərəfindən elan verilir. İstehsalçılar tərəfindən qiymət tənzimlənməsi üçün Şuranın elanda müəyyən etdiyi müddət ərzində müraciət edilmədiyi təqdirdə, istinad ölkələri, habelə açıq informasiya mənbələri olan ölkələr üzrə məlumatlar əsasında araşdırma aparılmaqla bazis qiymət müəyyən edilərək qiymət tənzimlənməsi həyata keçirilir.

Qiymətlər dərman vasitələrinin hər bir dozası və ticarət qablaşdırılması üzrə ayrı-ayrılıqda tənzimlənir.

Qiymətlərin tənzimlənməsi və ya həmin qiymətlərdə dəyişikliklər edilməsi məsələsinə Şura tərəfindən rübdə bir dəfə baxılır. Şuranın öz təşəbbüsü ilə və ya bu Qaydada nəzərdə tutulmuş hallarda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məsələsinə Şura tərəfindən növbədənkənar qaydada baxılır.

Dərmanlar üzrə təsdiq edilən qiymətlər Şuranın qərarı ilə müəyyən edilən tarixdən qüvvəyə minir.

Aptek təşkilatlarında satılan dərman vasitələrinin üzərində dövlət tərəfindən tənzimlənmiş qiymətlər göstərilməlidir.

Dərman vasitələrinin üzərində pərakəndə satış qiymətlərinin göstərilməsi istehsalçılar tərəfindən təmin edilir. Dərman vasitələrinin ƏDV daxil olmaqla, təsdiq edilmiş pərakəndə satış qiymətləri onların qablaşdırmalarının üzərində mətbəə qaydasında çap edilir. Qiymətin qablaşdırmanın üzərində çap edilməsi mümkün olmadıqda, dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müəyyən edilmiş digər üsullarla göstərilir.

Dərmanların satışında qiymət nəzarətini İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir.

Son xəbərlər

Orphus sistemi