Yuxarı

Azərbaycanda bayram günlərində "təcili tibbi yardım"a müraciət edənlərin sayı açıqlanıb

Müraciət edənlərin sayında təxminən 15 faiz artım qeydə alınıb

Bakı. 5 yanvar. REPORT.AZ/ "Bayram günlərində - dekabrın 31-dən yanvarın 5-dək ölkədə qida zəhərlənmələri ilə bağlı kütləvi zəhərlənmə faktı qeydə alınmayıb. Yalnız İsmayıllı rayonunda iki nəfər turşudan zəhərlənməyə görə Bakıya gətirilib". Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, hələlik həmin şəxslərin məhz turşudan zəhərlənib-zəhərlənməməsi araşdırılır: "Məsələ hələlik sual altındadır. Həmin şəxslər hazırda Kliniki Tibbi Mərkəzdə müalicə olunur. Onlar evdə ev üsulu ilə hazırlanmış turşudan zəhərləndiklərini iddia edirlər. Adıçəkilən rayonun Gigiyena Mərkəzinin əməkdaşları müayinə üçün turşunun qalıqlarını bizə göndərəcəklər. Yalnız bundan sonra məsələ ilə bağlı dəqiq məlumat vermək mümkün olacaq".

İ.Abdullayev qeyd edib ki, bayram günlərində şadlıq evlərində qida zəhərlənmələri ilə bağlı heç bir müraciət qeydə alınmayıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Mürsəl Həmidov isə "Report"a açıqlamasında deyib ki, adətən bayram günlərində stansiyaya müraciət edənlərin sayı adi günlərə nisbətən fərqli olur: "Beş gün ərzində "təcili tibbi yardım"a müraciət edənlərin sayında təxminən 15 faiz artım qeydə alınıb. Müraciətlər əsasən mədə-bağırsaq, ürək-damar xəstəlikləri, qan təzyiqi, qızdırma və digər xəstəliklərlə bağlı olub".

Baş həkim onu da əlavə edib ki, dəm qazından zəhərlənmə halları ilə bağlı hər gün müraciət daxil olur: "Kütləvi travma, eləcə də avtonəqliyyat hadisələri də çox olmadı. Ümumilikdə, bayram günlərində çağırışların sayı təxminən 1950-2000-ə yaxın olub və daxil olan müraciətlər də həkim briqadalarımız tərəfindən vaxtında həll edilib". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi