Azərbaycanda 90 yaşlı ağır xəstənin mədəsi tam çıxarılıb

Azərbaycanda 90 yaşlı ağır xəstənin mədəsi tam çıxarılıb Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 90 yaşlı xanımın mədəsində əməliyyat icra olunub.
Sağlamlıq
17 Noyabr , 2017 10:12
Azərbaycanda 90 yaşlı ağır xəstənin mədəsi tam çıxarılıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 90 yaşlı xanımın mədəsində əməliyyat icra olunub.

Bu barədə "Report"a ATU-nun mətbuat xidmətindən məlumat verilib.

Universitetin ümumi cərrahiyyə kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, professor Elçin Ağayevin sözlərinə görə, xəstə bundan əvvəl müxtəlif klinikalarda müayinələrdən keçib, lakin xəstənin yaşına, ümumi vəziyyətinin ağırlığına və yüksək riskli xəstə olmasına görə radikal əməliyyatın icrasından imtina olunub: "Söhbət mədənin kordial hissəsinin qida borusuna və mədəaltı vəzinə sirayət edən və ətraf limfa düyünlərinə yayılan bədxassəli şişidən gedir. Mən nə öz təcrübəmdə, nə də həmkarlarımın təcrübəsində görməmişəm ki, 90 yaşlı, ağır vəziyyətdə olan bir qadına total qastroektomiya əməliyyatı aparılsın. Bu xəstədə mədə, qida borusunun qarın hissəsi, böyük piylik, mədəaltı vəzin cisminin bir hissəsi və ətraf limfa düyünləri bir blok daxilində götürülərək, nazik bağırsaqla qida borusu arasında həlqəvi stepler anasomozu (yəni ən müasir tikiş vasitələri ilə) qoyulub. Bu tipli əməliyyatlara cərrahi praktikada təsadüf edilir. Bunu həm bizim və həm də digər klinikaların təcrübəli cərrahları icra edirlər. Lakin 90 yaşlı, yanaşı gedən bir sıra xəstəlikləri olan ağır bir xəstədə bu əməliyyatın müvəffəqiyyətlə nəticələnməsi bizim, universitetimizin TCK-nın böyük uğurudur və fəxarət vericidir".

E.Ağayev qeyd edib ki, adətən ahıl yaşlı və vəzyyəti ağır olan belə xəstələrdə bu tipli, mürəkkəb və ağır radikal əməliyyatların aparmaqdan çəkinirlər və xəstəyə qidalandırmaq məqsədiqə palliativ (şiş qalmaqla) qastrostomiya (mədəyə əlavə borunun salınması) əməliyyatı icra olunur. Ba da psixoloji cəhətdən xəstə və yaxınları üçün olduqca ağır durumun yaranmasına gətirir. “Biz bu xəstə üçün kafadra əməkdaşlarının iştirakı ilə konsilium keçirdərək əməliyyatın icrasına qərar verdik”.

Həkim bildirib ki, əməliyyat 3 saat davam edib. Əməliyyatdan sonrakı 3-cü sutkadan etibarən xəstə qidalandırılmağa başlanılıb. Xəstə artıq 6-cı sutkada kafi vəziyyətdə ambulator müşahidəyə göndərilib. Xəstə hazırda özünü yaxşı hiss edir.

Qeyd edək ki, son 6-7 ay ərzində təxminən 20-yə yaxın xəstə digər klinikalardan ağırlaşmış vəziyyətdə kafedraya gətirilib, tərəfimizdən əməliyyat olunaraq kafi vəziyyətdə evə yazılıb. 

Son xəbərlər

Orphus sistemi