Tbilisi. 4 dekabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Nevroloji xəstəliklərə qarşı erkən müdaxilə” mövzusunda beynəlxalq konfrans keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, konfransda xüsusi ehtiyacı olan insanlarda, xüsusən də uşaqlarda nevroloji xəstəliklərin vaxtında aşkarlanması, onlara vaxtında tibbi yardımın göstərilməsi, bu sahədə beynəlxalq əməkdaşlıq, informasiya mübadiləsi, birgə layihələrin hazırlanması və həyata keçirilməsi məsələləri müzakirə mövzusu olub.
Azərbaycandan gəlmiş nümayəndələr gürcü və avropalı həmkarları ilə görüşərək bu sahədə birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Azərbaycanın və Gürcüstanın əlaqədar təşkilatları və qeyri-hökumət təşkilatları arasında birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunub.
“Uşaqların sağlam gələcəyi” İctimai Birliyinin rəhbəri Arzu Rüstəmova “Report”a açıqlamasında deyib ki, nevroloji xəstəliklərə qarşı birgə mübarizə hər zaman effektli olur: "Bizim Gürcüstan tərəfi ilə keçirdiyimiz görüşdə birgə layihələrin həyata keçirilməsi barədə qərar qəbul edilib. Bu sahədə birgə əməkdaşlıq təkcə ictimai birliklər arasında deyil, səhiyyə təşkilatları və ümumilikdə xalqlarımız arasında əlaqələrin inkişafına xidmət edir".
Tibb elmləri üzrə fəlsəfə doktoru Kamran Salayev isə bildirib ki, Azərbaycanı və Gürcüstanı təmsil edən təşkilatlar birgə layihələrini hər iki ölkədə reallaşdıracaqlar.
Qeyd edək ki, Gürcüstan Nevroloji Assosiasiyası tərəfindən təşkil olunan tədbirdə Azərbaycanla yanaşı, 9 ölkədən 50-dək nümayəndə iştirak edib.