Yuxarı

Azərbaycan Səhiyyə Nazirliyi "donuz qripi" ilə bağlı əhaliyə xəbərdarlıq edib

Ölkədə donuz qripinə yoluxma halları qeyd olunmayıb

Bakı. 14 yanvar. REPORT.AZ/ "Son dövrlərdə dünya əhalisini təşvişə salan "donuz qripi"nə yoluxma halları Azərbaycanda qeyd olunmayıb". Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ölkədə mövsümi qripin və digər kəskin respirator infeksiyaların səviyyəsi isə son illərin orta göstəricisini aşmayıb.

"Bütün sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkəmiz üçün real təhlükə kəsb etdiyindən qarşımızda potensial təhlükə yaratmaqla profilaktik, müalicəvi və əks epidemioloji tədbirlərin həyata keçirilməsi üçün imkanların və resursların mobilləşdirilməsini tələb edir.

Bu məqsədlə hələ 8 dekabr 2015-ci il tarixində səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən müvafiq əmr imzalanıb. Əmrdə ağır kəskin respirator xəstəliklərin dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarətin gücləndirilməsi tapşırılıb", - deyə nazirlikdən bildirilib.

Nazirlik xatırladır ki, "donuz qripi" mövsümi qripdən daha ağır cərəyan edir. Hava-damcı yolu ilə yoluxan xəstəliyin intoksikasiya simptomları - qusma, ishal, güclü baş ağrısı ilə başlayır, yüksək hərarət, tənəffüsün çətinləşməsi, tənginəfəsliklə müşahidə olunur. Mövsümi qripdə ağırlaşma 10-15 gün keçdikdən sonra baş verdiyi halda bu virusda xəstəliyin 2-3-cü günlərində ağırlaşmalar müşahidə olunur. Həmçinin daxili orqanlar, xüsusən ağ ciyərlər zədələnir. 

"Əhalidən xəstəliyin əlamətləri özünü biruzə verdiyi andan səhiyyə müəssisəsinə müraciət etmək, xüsusi qoruyucu maskalardan istifadə etmək, şəxsi gigiyenaya riayət etmək xahiş olunur. Vətəndaşlara epidemioloji vəziyyəti gərgin olan ölkələrə səfər etməmək, əhalinin kütləvi toplaşdığı - mədəni və digər tədbirlərdə iştirak etməməyi tövsiyə edilir", - deyə nazirlik bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi