Yuxarı

Azərbaycan dağınıq skleroz xəstəliyinə görə orta risk qrupuna daxil olan ölkədir

Bu xəstəliyi olanlar üç aydan bir müayinə və müalicə olunurlar

Bakı. 16 mart. REPORT.AZ/ "Azərbaycan dağınıq skleroz xəstəliyinə görə orta risk qrupuna daxil olan ölkədir". "Report"un məlumatına görə, bunu Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının dosenti, "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı"nın komissiyasının üzvü Rövşən Həsənov deyib.

O bildirib ki, dünyanın bəzi ölkələrində dağınıq skleroz xəstəliyi əhalinin hər 100 min nəfərinin 10-50-sində, bəzi ölkələrində isə 100 nəfərində rast gəlinir: "Bir neçə onilliklər əvvəl dağınıq skleroz xəstəliyinin diaqnostikası kifayət qədər çətin idi. Çünki həkimlər yalnız xəstəliyin klinik xüsusiyyətlərinə əsaslanırdılar. Hazırda isə bu cür klinik xüsusiyyətləri olan xeyli xəstəlik var. İndi diaqnostik imkanlar artdığına görə bu xəstəliyin diaqnostikası nisbətən asanlaşıb. Bu xəstəliyi olanlar üç aydan bir müayinə və müalicə olunurlar".

R.Həsənov əlavə edib ki, pasiyentin öz üzərində dağınıq skleroz xəstəliyinin əlamətlərini aşkar etməsi çətindir: "Ancaq əgər hər bir insan öz üzərində narahatçılıq hiss edərsə - narahatçılıq istər onun yerişi, istərsə fikirləşmə qabiliyyətinə, onun daxili orqanlarının patologiyalarına aiddir - həkimə müraciət etsin. Xəstəlik həmlələrlə keçir. Bir neçə həmlədən sonra xəstə adətən, iş qabiliyyətini itirir və əlilliyə düçar olur".

Respublika Klinik Xəstəxanasının baş həkim müavini Mahir Babayev isə əlavə edib ki, dağınıq skreloz xəstəliyi ilə bağlı ölkədə dövlət proqramının qəbul olunması xəstələrin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin keyfiyyətinin artırılması,dərman preparatları ilə təmin olunması üçün lazımi şərait yaradıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi