Yuxarı

ATU rezidentləri Almaniyaya praktikaya göndəriləcək

Alman professor Karsten Perka ATU-nun fəxri qonağı olub

Bakı. 31 mart. REPORT.AZ/ Bu gün Almaniyanın Şarite Universitet Klinikasının Sümük-əzələ Cərrahlığı Mərkəzinin direktoru, professor Karsten Perka Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. Bu barədə "Report"a ATU-dan məlumat verilib.

Universitetin Tədris Cərrahiyyə Klinikasında baş tutan görüş zamanı rektor, akademik Əhliman Əmiraslanov qeyd edib ki, professor Perka Almaniyanın Ortopediya və Travmatologiya sahəsi üzrə tanınmış mütəxəssisidir: "Onun ortopediyada əsas maraq sahəsi böyüklərdə bərpaedici əməliyyatlar, xüsusilə bud və diz oynaqları üzərində aparılan rekonstruktiv prosedurlardır. O, Azərbaycanla sıx əlaqədə çalışan bir mütəxəssis olmaqla yanaşı, bir sıra xəstələr üzərində mürəkkəb cərrahiyyə əməliyyatlarını uğurla həyata keçirib".

Rektor ATU-nun Berlinin Şarite Klinikası ilə əməkdaşlıq etdiyini, birgə layihələr haqqında sazişlərin olduğunu vurğulayıb: "Bizim Şarite Klinikası ilə bir çox sahədə əməkdaşlıq haqqında müqaviləmiz var, vaxtaşırı olaraq həmin klinikaya öz mütəxəssislərimizi göndəririk. Artıq klinikanın ortopediya və travmatologiya bölməsi ilə də belə bir əlaqələr qurmaq üçün imkan yaranıb. Bu gün belə qərara gəlmişik ki, ATU-nun gənc mütəxəssislərini, xüsusilə də rezidentləri 3-6 ay müddətinə Şarite Klinikasında praktikaya göndərəcəyik".

Sonra Əhliman Əmiraslanov ATU-nun Elmi Şurasının qərarına əsasən professor Karsten Perkanın "Tibb Universitetinin fəxri qonağı" yüksək adına layiq görüldüyünü elan edib və qonağa diplomu, eləcə də xatirə hədiyyəsini təqdim edib.

Görüş zamanı professor Karsten Perka ATU haqqında öz təəssüratlarını bölüşüb. O, Tibb Universitetinin nəzdindəki Klinikaların işi ilə tanış olduğunu, bu müəssisələrin yüksək səviyyəli tibbi xidmət göstərdiyini bildirib.

Daha sonra professor K.Perka sümük-əzələ cərrahlığı haqqında məruzəsi ilə çıxış edib. O, bud və diz oynaqlarının total artroplastikasına həsr olunmuş elmi araşdırmalarının nəticələrindən danışıb. Professor öz araşdırmalarında istifadə olunan yeni cərrahi texnikalar, prosedur və yanaşmaların klinik praktikada tətbiqindən də söz açıb. Sonda professor görüş iştirakçılarının və rezidentlərin suallarını cavablandırıb.

Qeyd edək ki, professor Karsten Perka Berlində yerləşən Şarite Universitet Klinikasının Sümük-əzələ Cərrahlığı Mərkəzinin direktoru və həmin mərkəzin Ortopediya kafedrasının müdiridir. O, həmçinin Şimali Almaniya Ortopedik Assosiasiyasının Baş Katibi və Almaniya Artroplastika Cəmiyyətinin növbəti müddət üçün seçilmiş prezidentidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi