Yuxarı
    Bağlamaq

    ATU-nun Tədris Cərrahiyyə Klinikasında koxlear implant əməliyyatları keçirilib

    Əməliyyat zamanı taxılan cihazlar Səhiyyə Nazirliyi tərəfindən təqdim olunur

    Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Səhiyyə Nazirliyinin dəstəyi nəticəsində dörd uşağın eşitməsini bərpa etmək məqsədilə koxlear implant əməliyyatları keçirilib. ATU-dan "Report"a verilən xəbərə görə, ilk dörd xəstə bu gün nazir Oqtay Şirəliyevin tapşırığı ilə əməliyyat edilib. 

    "Daxili qulağın protezləşməsi" əməliyyatları sayəsində anadangəlmə, eşitmə qabiliyyəti heç olmayan uşaqların eşitməsi bərpa olunur. ATU-nun Tədris Cərrahiyyə Klinikası bu əməliyyatların həyata keçirilməsi üçün hər cür şərait və avadanlıqla təchiz edilib.

    Klinikanın Qulaq-burun-boğaz şöbəsinin müdiri Yusif Hacıyev deyib ki, bu əməliyyatların uğurlu keçməsi üçün əsas şərtlərdən biri xəstələrin mümkün qədər tez - 4 yaşa qədər müraciət etməsidir: "Hazırda əməliyyat etdiyimiz uşaq 1 yaş 8 aylıqdır. Yəni biz artıq nitq inkişafının başlanğıcında bu körpəyə implant cihazı taxmış olduq. Bu uşaq artıq heç bir şəkildə o biri uşaqlardan fərqlənməyəcək, danışığı da gecikməyəcək".

    Y.Hacıyev bütün uşaqların vaxtında eşitmə müayinəsindən keçirilməsini, vaxtında həkimə müraciət etməsinin önəmli olduğunu deyir: "Əgər hər hansı bir narahatçılıq müşahidə olunursa, uşaq vaxtilə hansısa bir ciddi xəstəlik keçiribsə, mütləq eşitmə yoxlanmasından keçirmək lazımdır".

    Qeyd edək ki, əməliyyat zamanı eşitməyən uşaqların qulağına implant daxil edilir. Bu da körpələrin rahatlıqla eşitməyə və danışmağa başlamasına kömək edir.

    Əməliyyat zamanı taxılan cihazlar Səhiyyə Nazirliyi tərəfindən təqdim olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi