ATU-nun Əczaçılıq fakültəsinin dekanı: "Dərman preparatlarının təminatı ilə bağlı müəyyən boşluqlar qalır"

ATU-nun Əczaçılıq fakültəsinin dekanı: "Dərman preparatlarının təminatı ilə bağlı müəyyən boşluqlar qalır" "Hazırda Azərbaycanda sığorta təbabətinin qurulması istiqamətində işlər aparılır"
Sağlamlıq
11 Aprel , 2015 10:12
ATU-nun Əczaçılıq fakültəsinin dekanı: Dərman preparatlarının təminatı ilə bağlı müəyyən boşluqlar qalır

Bakı. 11 aprel. REPORT.AZ/ "İndiki dövrdə istər tədrisdə, istərsə də praktikada Avropa təcrübəsindən istifadə olunur. Ona görə də onların keçdiyi yolu 4-5 ilə keçmək mümkün deyil. Təbii ki, müəyyən problemlər var, ancaq ümumilikdə götürdükdə Azərbaycanda əczaçılıq sahəsi müsbət istiqamətdə inkişaf edir". Bu barədə "Report"a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinin dekanı, professor Tahir Süleymanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda 8-10 il əvvəlki dövrlə indiki vaxt arasında müqayisə olunmayacaq qədər fərq var: "Lakin hələ də az qisimdə də olsa, müəyyən çatışmazlıqlar var. Belə ki, ölkədə qeydiyyatdan keçməyən dərman satışına qarşı ciddi tədbirlər görülsə də, bu sahədə hələ də müəyyən boşluqlar var. Bildiyiniz kimi, ölkədə satılan bütün dərmanların içlik vərəqələrinin hamısı Azərbaycan dilində olmalıdır. Lakin bəzən qeydiyyatdan keçən dərmanların içlik vərəqələrinin Azərbaycan dilində olmayanlarına da rast gəlinir".

Professor deyib ki, dərman preparatlarının təminatı istiqamətində də müəyyən boşluqlar qalır: "Bu da inkişaf etmiş ölkələrdəki sığorta tələbatı ilə bağlıdır. Çünki xarici ölkələrdə xəstəxanaların özləri xəstəni dərman vasitəsilə təmin edir. Hazırda Azərbaycanda sığorta təbabətinin qurulması istiqamətində işlər aparılır. Güman edirəm ki, bundan sonra ölkəmizin Avropa ilə elə də ciddi fərqi qalmayacaq".

Ölkədə 4000-ə yaxın dərmanın qeydiyyatdan keçdiyini deyən ATU-nun Əczaçılıq fakültəsinin dekanı əlavə edib ki, həmin dərman preparatları əsasən insanların sosial ehtiyaclarını ödəyən vasitələrdir: "Onu da qeyd edim ki, onkoloji, vərəm, şəkər və digər vacib xəstəliklər ilk sıradadır. Bu xəstələr üçün gətirilən dərmanların heç biri satışda yoxdur. Həmin xəstələrin dərman təminatını yalnız dövlət qarşılayır".

O, həmçinin gənclərin əczaçılıq sahəsinə olan marağını qaneedici hesab edib: "Bu fakültəni bitirən məzunların sonradan işlə bağlı problemi olmur. Bu gün üçün götürdükdə ölkədə əczaçı kadrlara ehtiyac var. Ona görə də bu günə qədər Əczaçılıq fakültəsini bitirib işsiz qalan tələbəyə rast gəlməmişəm. Sadəcə ola bilsin ki, məzun olanların 1 faiz həcmi başqa istiqamətə yönəlsinlər".

Hazırda ATU-nun Əczaçılıq fakültəsində 400-ə yaxın IV kurs tələbəsinin təhsil aldığını xatırladan Tahir Süleymanov qeyd edib ki, həmin tələbələrin təxminən 20-25 faizi xaricdən gələnlərdir: "Belə ki, Türkiyədən, İrandan, İraqdan, İordaniyadan və Suriyadan tələbələr var. Hər il TQDK xətti üzrə 75 tələbə qəbul olur. Qəbul olanlar arasında 10-15 nəfəri isə magistrdır. Lakin hazırda universitet olaraq bizi narahat edən əsas məsələ gənclərimizin tibb sahəsi ilə bağlı Ukrayna, Gürcüstan və digər dövlətlərin ali məktəblərinə imtahansız daxil olmaları və sonradan diplomlarının Azərbaycanda tanınmasında problemlərin olmasıdır".

Universitet rəsmisi onu da əlavə edib ki, əvvəlki illərlə müqayisədə hazırda apteklərdə reseptlərin oxunmasında müəyyən problemlərin olması başadüşüləndir: "Çünki Sovet dövründə reyestrdə 2000 yaxın dərman var idi. Tələbə də 5-6 illik təhsil müddətində ancaq bu dərmanları öyrənə bilirdilər. Azərbaycanın bazar iqtisadiyyatına keçməsindən sonra hazırda apteklərdə 8-10 min civarında dərman preparatları var ki, bu da 5 dəfə artım deməkdir. Ona görə də bu sahədə istər təcrübəli, istərsə də gənc əczaçılarda müəyyən problemlərin olması qəbulediləndir. Qeyd edim ki, mütəxəssis olaraq əczaçı və həkim öz işini normal bilməlidir ki, bu kimi problemlər ortaya çıxmasın".

Qeyd edək ki, aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində ölkədə dərman preparatlarının keyfiyyətindən danışıb, qiymətinin bahalığından narazılığını ifadə edib, bu sahədəki vəziyyətin araşdırılıb tədbirlərin görülməsi ilə bağlı Səhiyyə Nazirliyinə tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi