Yuxarı

ATU Macarıstan universitetləri ilə əlaqələrini gücləndirir

Macarıstan səfiri rektor Gəray Gəraybəyli ilə görüşüb

Bakı. 18 may. REPORT.AZ/ Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub. ATU-dan "Report"a verilən xəbərə görə, o, universitetin rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb, həmçinin ATU-da yaradılan təhsil-tədris şəraiti ilə tanış olub.

Görüş zamanı rektor Gəray Gəraybəyli macar diplomata ATU-nun tarixi, fəaliyyəti, Azərbaycanda səhiyyənin inkişafında tutduğu önəmli rol haqqında məlumat verib. Qeyd olunub ki, tibb təhsili sahəsində yeganə universitet olan ATU-nun ölkə üçün peşəkar həkimlərin, tibb işçilərinin hazırlanmasında əvəzsiz xidməti var.

Rektor ATU-nun xarici ali təhsil və tədqiqat ocaqları ilə geniş əlaqələri olduğunu da bildirdi. G.Gəraybəyli ATU-nun Macarıstanın Zemvelveys Universiteti ilə əməkdaşlıq etdiyini, qarşılıqlı saziş əsasında müştərək tədbirlər təşkil olunduğunu qeyd edib. Rektor gələcəkdə universitetlər arasında tələbə mübadiləsinin daha da çoxalmasını, Macarıstandan da Azərbaycana tələbələr göndərilməsini arzuladığını bildirib.

Laslotski isə ilk olaraq G.Gəraybəylini rektor seçilməsi münasibətilə təbrik edib. Azərbaycan və Macarıstan arasında bütün sahələrdə, o cümlədən səhiyyə və təhsil sahəsində münasibətlərin formalaşdığını bildirən səfir ikitərəfli əlaqələrin gücləndirilməsinin zəruri olduğunu qeyd edib.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulovanın da iştirak etdiyi görüşdə Azərbaycan və Macarıstanın tibb universitetləri arasında əlaqələrin möhkəmələnməsi, əməkdaşlıq haqqındakı sazişin yenilənməsi barədə ilkin razılıq əldə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi