Yuxarı

Bakıda ana ölümünün qarşısının alınması və doğuşayardım xidmətinin keyfiyyətinə dair toplantı keçirilib

Həkim seçimi məsələsinin müəssisə rəhbərliyi tərəfindən tənzimlənməsi ilə bağlı göstəriş verilib

Bakı. 12 yanvar. REPORT.AZ/ Bakı şəhər Baş Səhiyyə İdarəsində Bakı şəhərinin doğuşayardım tibb müəssisələrində hamilələrə göstərilən antenatal və doğuşayardım xidmətinin keyfiyyətinin artırılması və nəzarətin gücləndirilməsinə dair toplantı keçirilib. Bu barədə "Report"a Səhiyyə Nazirliyi mətbuat xidmətindən məlumat verilib.

Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin məsləhətçisi G.Ağayeva, Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu A.Qədirov, Respublika Perinatal Mərkəzinin direktoru S.Məmmədova və doğuşayardım xidməti göstərən tibb müəssisələrinin rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda hamilə qadınlara ərazi qadın məsləhətxanaları tərəfindən göstərilən antenatal xidmət, o cümlədən, hamilələrin özəl tibb müəssisələrində qeydiyyatda olduğu halda Səhiyyə Nazirliyinin 06.03.2013-cü il tarixli 21 nömrəli əmrinin icrası üzrə müəssisələr arasında müvafiq qaydada əlaqəli işin diqqətdə saxlanılması, risk qrupundan olan hamilələrə nəzarətin gücləndirilməsi vurğulanıb, onlara müvafiq mütəxəssislərlə konsiliumun təşkil olunmasının vacibliyi və vaxtında stasionarlaşdırılması barədə müzakirələr aparılıb.

Stasionarlarda aparılan doğuşayardım xidməti üzrə müzakirələrdə həkim seçimi məsələsinin müəssisə rəhbərliyi tərəfindən tənzimlənməsi, kadrların potensialı və hazırlıq vəziyyətinin qiymətləndirilməsi, tibb işçilərinin öz vəzifələrinə uyğun olaraq məsuliyyətinin artırılması, müəssisədaxili nizam-intizam qaydalarına riayət edilməsi istiqamətində göstəriş verilib.

İclasda mütəxəssislər çıxış edərək, ana ölümlərinin qarşısının alınması, hamilələrə göstərilən antenatal və doğuşayardım xidmətinin təkmilləşdirilməsinə dair öz təkliflərini veriblər.

Yekun olaraq “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı”nın (2013-2017-ci illər), Səhiyyə Nazirliyinin doğuşayardım xidməti üzrə müvafiq əmr və sərəncamlarının, təlimat və klinik protokollarının icrasına nəzarətin artırılması, həmçinin antenatal və doğuşayardım işinin gücləndirilməsi istiqamətində baş həkimlərə tapşırıqlar və bu sahədə müntəzəm olaraq monitorinqlərin keçiriləcəyi barədə məlumat verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi