90 yaşlı akademik: "Ananın hamiləykən saçına qoyduğu rəng də körpənin ürək qüsuru ilə doğulmasına səbəb ola bilər" - MÜSAHİBƏ

90 yaşlı akademik: "Ananın hamiləykən saçına qoyduğu rəng də körpənin ürək qüsuru ilə doğulmasına səbəb ola bilər" - MÜSAHİBƏ "Qadını abort etmək istəyəndə daxildəki döl uşaqlığın bir küncünə çəkilir və baş barmağını ağzına salıb, gizlənmək istəyir"
Sağlamlıq
1 İyun , 2016 17:06
90 yaşlı akademik: Ananın hamiləykən saçına qoyduğu rəng də körpənin ürək qüsuru ilə doğulmasına səbəb ola bilər - MÜSAHİBƏ

"Xəstə uşaqları müalicə edəndə, onları həyata qaytaranda sevincimin həddi-hüdudu olmur"

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının müdiri, tibb elmləri doktoru, akademik Adilə Namazovanın "Report"a müsahibəsi.

Adilə Namazova 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olub. Orta təhsilini Ağdamda alıb, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.

1970-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun klinik pediatriya kafedrasının müdiridir. 1965-ci ildə tibb elmləri doktoru dərəcəsi alıb. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilib. Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının üzvüdür.

1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. AMEA-nın həqiqi üzvüdür. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinin sədridir. Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir.

Azərbaycanın ilk qadın pediatr alimi sayılır. 400 elmi əsərin, 20 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir. 

Azərbaycanın "Şərəf", "Şöhrət" ordenləri, "Səhiyyə əlaçısı" nişanı ilə təltif edilib. 

Əməkdar elm xadimi, Mustafa Topçubaşov mükafatı laureatıdır.

- Adilə xanım, necə oldu ki, ali təhsil alan qızların sayının az olduğu dövürdə ailəniz sizin ali məktəbdə oxumağınıza mane olmadı, buna razılıq verdi?

- Bu məsələ valideyndən, ailədən asılıdır. Mənim valideynlərim, xüsusilə atam arzu edirdi ki, onun qızları həkim olsunlar. Ailəmizdə bununla bağlı heç bir maneəçilk yox idi. Atam çox maarifpərəst, dünya görmüş insan idi. 6 övladı vardı və istəyirdi ki, hamısı ali təhsil alsınlar. Atam qızlarını daha çox sevirdi və hər birimizin həkim olmasını arzulayırdı və elə də oldu.

Mən ailənin ikinci övladıyam. Orta məktəbi əla, Tibb Universitetini yüksək qiymətlərlə bitirmişəm.

- Müəllimlərinizi necə xatırlayırsınız?

- Çox məmuniyyətlə, böyük hörmətlə xatırlayıram. Ona görə ki, çox yaxşı təhsil verirdilər. Onlar bizə verdikləri təlim-tərbiyə ilə inkişafımızın təməlini qoyublar. Hamıya məlumdur ki, insan savadını əsasən orta məktəbdə alır.

Məktəbdə həmişə soruşurdular ki, hansı sənətin sahibi olmaq istəyirsən? Orta məktəbin son illərində hər kəs öz istiqamətini seçirdi. Müəllimlər şagirdlərini valideyndən də yaxşı tanıyırlar, onların intellektual inkişafını, fəallığını valideyndən daha çox görür və obyektiv qiymətləndirirlər. Şagirdləri istedadına görə daha çox müəllimlər istiqamətlətləndirməlidir.

İndiki uşaqlar daha da savadlıdırlar. XXI əsrdə yaşayırlar. Hazırki əsrin inkişafını ötən əsrlə müqayisə etmək çətindir.

- Hansı yaşda həkim olacağınıza qərar verdiniz?

- 6-7-ci sinifdə oxuyanda həkim olmaq qərarına gəlmişdim. Orta məktəbin son illərində fikirləşdim ki, uşaq həkimi olmaq daha yaxşıdır. Ailədə çox bacı-qardaş olduğumuza və mən də böyük olduğuma görə onlarla çox vaxt keçirirdim. Balaca bacı-qardaşlarıma baxdığım, qayğı göstərdiyim üçün yeniyetmə yaşlarımdan uşaqların psixologiyasını yaxşı bilirdim. Hər bir uşaq özünəməxsus istedadla doğulur. Bunu da valideynlər və müəllimlər görüb, uşağı düzgün istiqamətləndirməlidir.

- Həkim və alim kimi böyük uğurlar qazanmısınız. Buna necə nail oldunuz, hər hansı bir uğur sirriniz varmı?

- Necə nail oldum? Tibb İnstitutunu (hazırda Azərbaycan Tibb Universiteti) yaxşı qiymətlərlə bitirdim. Məni kafedrada müəllim saxlamaq istəsələr də, rayonda işləmək istədim və öz doğulduğum Ağdam rayonuna qayıtdım. İşlədikcə öz sənətimi daha çox sevməyə başladım. Yəqin hər bir insan öz zəhmətinin bəhrəsini görəndə çox sevinir. Xəstə uşaqları müalicə edəndə, onları həyata qaytaranda sevincimin həddi-hüdudu olmur. Müalicə yaxşı nəticələndə həkimlər uşağın valideynlərindən daha çox sevinirlər. Çünki həyata insan qaytarmış olurlar.

- Pediatriyanın ən çətin sahələrindən biri olan pediatr-kardioloq ixtisasını seçməyinizə səbəb nə oldu?

- Təbabətin bütün sahələri maraqlıdır. Pediatriyanın da həmçinin. Amma elə sahələr var ki, zəif öyrənilib. Ürək-damar xəstəlikləri əhali arasında bir saylı problemdir. Çünki bundan qaynaqlanan ölüm hallarının sayı çoxdur. Qeyd olunan xəstəliklərin bünövrəsi isə uşaq yaşlarında qoyulur. Mənim dövrümdə uşaq kardiologiyası öyrənilməmişdi. Ona görə də mən aspiranturaya daxil olanda elmi rəhbərimdən xahiş etdim ki, mövzunu ürək sahəsindən versin. O, da mənə revmatizmin fəal dövründə ürək fəaliyyətinin yoxlanılması ilə bağlı mövzu verdi. Bu mövzudan da dissertasiya yazıb müdafiə etdim.

Sonrakı illərdə uşaqlarda anadangəlmə ürək qüsurlarının diaqnostikasına və cərrahi müalicəsinə göstəriş mövzusu üzərində işləməyə başladım. O dövrə qədər uşaqlarda anadəngəlmə ürək qüsurunun olduğu aydınlaşdırılırdı və burda da nöqtə qoyulurdu. Xəstəliyin növlərini axtarmaq və müalicə etmək mümkün deyildi. Yavaş-yavaş elektron cihazlar icad olundu, müalicəsi mümkün olmayan xəstəliklər müalicə edildi. Uşaq vaxtı ürəyində cərahiyyə əməliyyatı aparılmış 100 minlərlə insan var ki, indi onlar özləri nənə-babadırlar.

- Siz həm də müəyyən müddət Moskvada işləmisiniz...

- İşə başladığım dövrdə Azərbaycanda demək olar ki, kardiologiyanı öyrənən və bu cür xəstələri müalicə edən mərkəz də yox idi. SSRİ vaxtı bu problemlərlə bağlı Moskvada iki mərkəzdə cərrahiyyə əməliyyatları aparılırdı. Demək olar ki, ilk cərrahiyyə əməliyyatlarında iştirak etmişəm. Xəstələri yeni üsullarla müayinə etmişəm, diaqnozu dəqiqləşdirmişəm və s. SSRİ dövründə Dövlət İxtira Komitəsi bütün bunlara görə mənə dünyada ilk dəfə olaraq o müayinələri apardığımı təsdiq edən 5 arayış verib. 20 il Moskvada işləmişəm.

İndi şükürlər olsun ki, Azərbaycanda müxtəlif xəstəxanalarda ürək əməliyyatları aparılır. Hazırda uşaqda hətta anadangəlmə ürək qüsuru müəyyənləşirsə, ana bətnində də onu müalicə edib aradan götürmək mümkündür. Yaxud hamilə qadının özündə ürək qüsuru varsa və vaxtında əməliyyat olunmayıbsa, hamiləykən müvəffəqiyyətlə cərrahi əməliyyatlar aparılır.

- Əvvəlki dövrlərlə müqayisədə uşaqlar arasında anadangəlmə ürək qüsurlarının artdığını demək olarmı?

- İndi bütün dünyada anadangəlmə ürək qüsurları, eləcə də digər ümumi qüsurlar artıb. Yalnız ürək deyil, müxtəlif qüsurlu uşaqlar doğulur.

- Bunun səbəbləri nədir?

- Bunun dəqiq nədən olduğunu demək çətindir. Ümumi demək olar ki, müxtəlif səbəblər var. Bir qisminin səbəbi qadınların hamilə vaxtı dərman müalicəsi qəbul etmələridir. Hamilə vaxtı mədə bulantısına, ağrılara dözə bilməyənlər müxtəlif dərmanlardan istifadə edirlər. Sipirtli içkilərdən istifadə etmək, siqaret, qəlyan çəkmək və s. kimi amillər də öz təsirini göstərir.

Məsələn, anadangəlmə ürək qüsurları hamiləliyin üçüncü həftəsindən başlayaraq 8-ci həftəsində tamam formalaşmış olur. Ona görə bu dövürdə qadınlar gərək nəinki dərman maddələri, hətta parfumeriyadan da istifadə etməsinlər. Qadın gözəllik salonlarında işləyən qadınlar müştərilər üçün çox lak istifadə etdiklərinə görə həmin qadınların uşaqları anadangəlmə müxtəlif qüsurlarla doğulurlar. Ona görə ki, o lakın içərisində gözə görünməyən, hiss olmayan bir çox zəhərlər var. O cümlədən də, adi dırnağa çəkilən lak 3 zəhərdən ibarət olduğuna görə qadının orqanizminə böyük zərər vurur. Ona görə mən hamilə və südverən qadınlara dırnaqlarına lak çəkməyi məsləhət görmürəm.

Hamilə qadınlar ətriyyatdan uzaq durmalıdırlar. Yeni doğulan uşaqları əmizdirən analar dezodarantlardan istifadə edəndə uşaqlar süd əmməkdən imtina edirlər. Çünki müxtəlif iyləri, hətta ətriyyat iyini də qəbul etmirlər. Gərək qadınlar hər cür ətriyyatdan istifadə etməsinlər.

Saça qoyulan rənglərin tərkibi də kimyəvi maddələrdən ibarətdir. O da orqanizmə sorulur. Hətta belə hallar da olub ki, başına rəng qoyan qadın yuyunanda vaxtı uzatdıqda onda ümumi bədənin zəhərlənməsi, hətta ölüm halları qeydə alınıb.

Uşaqların ürək qüsuru ilə doğulmasına ekoloji problemlər, radiasiya kimi amillər də böyük təsir göstərir.

- Uşaqların qüsurla doğulmasında qidaların da rolu varmı?

- Bu, qadın orqanizminin sağlamlığından asılıdır. Əgər qadında mədə-bağırsaq xəstəliyi varsa, vaxtında müalicə olunmalıdır. Qızlar evlənməzdən, hamilə olmazdan əvvəl öz sağlamlıq durumları ilə bağlı məlumatlı olmalıdırlar. Oğlanlar da, qızlar da nikaha girməmişdən əvvəl müayinə olunmalıdırlar. Bir çox xəstəliklər irsən keçir. Bizim hər birimiz özümüzdən əvvəlki nəslin ötürdüyü müəyyən xəstəliklərin daşıcısıyıq.

- Revmatizm uşaqlarda özünü necə göstərir?

- Revmatizm xəstəliyinə qarşı çox diqqətli olmaq lazımdır. Çünki revmatizm deyəndə elə başa düşürlər ki, bu, sadəcə oynaqlarda yel xəstəliyidir. Təbabətdə belə bir məsəl var ki, revmatizm oynaqları yalayır, ürəyi dişləyir. Ola bilsin oynaqlar şişsin, qızarsın hərəkət məhdudlaşsın, hərarət yüksəlsin, ağrı oynaqların bir neçəsini əhatə etsin. Bu, xəstəliyin görünən hissəsidir, amma onun əsas zərbəsi ürəyə dəyir. Revmatizm gələcəkdə uşaqlarda ürək qüsuru əmələ gətirir. Ürək qapaqlarında iltihabi proses olur, sorulandan sonra yerində çapıqlar əmələ gəlir, ürək qapaqları qısalır və ürəkdaxili qan dövranı pozulur, böyüklərdə olan ürək qüsurlarının 95 faizi uşaq vaxtı keçirdiyi revmatizm xəstəliyinin nəticəsidir. Ona görə də revmatizm xəstəliyinin proflaktikasına çox diqqət göstərməliyik.

Əgər anada hər hansı xroniki infeksiya ocağı varsa, xüsusilə valideynlərdə çürük dişlər varsa, uşağı öpəndə, qaşığı öz ağzından çıxarıb uşağın ağzına salanda mikroblar uşağa ötürülür və onda problem yaranır. Əgər anada qazanılmış ürək qüsuru varsa, ola bilsin ki, uşağında da gələcəkdə ürək qüsuru yaransın.

- Valideynlər hansı əlamətlərlə öz uşaqlarında ürək qüsurlarının olduğunu müəyyənləşdirə bilərlər?

- Bu, çox asandır. Uşaqlarda da ürək ağrıları olur. Bəzən uşağın nənəsi ürəyi ağrıdığını deyir, uşaq da belə deyir. Valideynlər bunu şıltaqlıq kimi qəbul edirlər. Uşağın ürək ağrısına heç vaxt biganə yanaşmaq olmaz. Uşaqda təngənəfəslik, passivlik olur, yaşıdları ilə müqayisədə hərəkətlilikdə geri qalır, inkişafdan geri qalır, oynaqlarında ağrılar olur. Bəzən onun sinir forması da olur. Eyni zamanda, əsəb sisteminin pozulması əlamətləri özünü göstərir.

- Uşaqlarda yaranan ürək qüsurlarını tam müalicə etmək mümkündürmü? 

- Vaxtında müalicə başlasa, müalicə etmək mümkündür. Yüzlərlə nümunə göstərmək olar ki, vaxtında müalicəni alıb, profilaktika aparılıb və onlarda ürək qüsurları əmələ gəlməyib. Onlar böyüyündə mütləq vaxtaşırı proflaktik tədbirlər görülməlidir. Eyni zamanda, uşaq fəal həyat sürməlidir.

Xəstəlik müalicə olunmasa, ölümə də səbəb ola bilir. Bu xəstəlik xroniki qan dövranı çatmazlığına gətirib çıxarır, qaraciyər böyüyür, qarın boşluğuna maye yığılır, aşağı ətrfalar şişir, insan üç addım atır təngənəfəs olur. Valideynlər diqqətli olsalar və qabaqlayıcı tədbirlər görsələr yüz faiz sağalma olur.

- Uşaq kardiologiyası sahəsində dünyada mövcud olan bütün yeniliklər Azərbaycanda tətbiq olunurmu?

- Dünyada bu sahədə nə varsa, hamısı Azərbaycanda tətbiq olunur. Ən çətini ürək üzərində qapalı və açıq əməliiyatlardır ki, hər biri ölkəmizdə bir neçə klinikalarda aparılır. Bu sahədə Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Bu cür cərrahiyə əməliyyatları çox baha başa gəlir. Heydər Əliyev Fondu minlərlə uşağın pulsuz əməliiyat olunmasını öz üzərinə götürür.

- Adilə xanım, sizcə ailənin mənəvi cəhətdən sağlam olması nələrdən asılıdır?

- Ailənin hərtərəfli sağlam olması üçün birinci növbədə ata-ana sağlam olmalıdır. Ata ilə ananın bir-birinə hörməti olmalıdır, bir-birini bağışlamağı bacarmalıdırlar. Həyata bir az açıq gözlə baxmaq lazımdır. Həyatda olmayan şeyi tələb etmək lazım deyil.

Əgər valideynlər mədəni və tərbiyəlidirsə, övladları da belə olur. Valideyinin əsəb sistemi sakitdirsə, uşaq da elə olur. Xüsusilə, qadın hamilə olanda hamı onun qayğısına qalmalıdır. Hamiləliklə əlaqədar olaraq əsəb sistemində müəyyən dəyişiklik olur, doğumdan sonra aradan qalxır. Ona görə də bu mərhələdə ona çox şeyi bağışlamaq və onun nazı ilə oynamaq lazımdır. Çünki o həyata yeni insan gətirir. Ananın əhval-ruhiyyəsi pis olanda daxildə uşağın da əhvalı pis olur. Ana sevinəndə uşaq da sevinir. Ana ona xoş olan musiqini dinləyəndə uşaq da o musiqini başa düşür. Ona görə analar gərək hamilə vaxtı öz uşaqları ilə söhbət etsin. Abortların qarşısı alınsın. Qadın abort etdirmək istəyəndə daxildəki döl uşaqlığın bir küncünə çəkilir və baş barmağını ağzına salıb, gizlənmək istəyir. Bu faklt təbabətdə sübut olunub. Bu məsələdə qadağanı gərək hər kəs özü-özünə qoysun. Çünki abort etdirmək insan öldürmək kimi bir şeydir.

- Getdikcə sayı artan boşanmaların uşaqlara mənfi təsiri varmı? 

- Boşanan ailələrdə istər kişi, istər qadın gələcəyi düşünməlidirlər. Bəzən sadə bir səbəbdən boşanırlar. Amma uşaqlarının gələcəyini düşünmürlər. Uşaq valideynlərdən biri olmadan böyüyəndə yarımçıq olur, hər ikisi ilə birlikdə olanda yaxşı inkişaf edir, ürəkli olur, əsəb sistemi möhkəm olur. Hər zaman öz üzərində ata-anasının qayğısını hiss edir və ata-anası ilə qürur duyur.

- Tibb sahəsində təhsili alan tələbələrə nə kimi tövsiyyələriniz var?

- Gənclərə arzum ondan ibarətdir ki, onlar sevdikləri işin arxasınca getsinlər. Daim öz üzərlərində işləsinlər. Çünki ancaq oxumaq, mütaliə etmək, insanlara səmimi yanaşmaqla həkimlər öz istədiklərinə nail ola bilərlər. Dünyada çox sənətlər var, insanı sağaltmaq, həyata qaytarmaq ən yüksədə duran sənətlərdəndir. Hər bir gənc həkim çalışmalıdır ki, xəstələr ona inansınlar. Əqidələri yüksək olsun. Çünki xəstə öz ailəsinə vermədiyi sirrləri həkimə etibar edir. Həkim də insanların inamını qazanmaq üçün etibarını doğrultmalıdır.

- Bu il 90 illik yubileyiniz qeyd olunacaq. Uzun və faydalı yaşamağın sirri nədədir? 

- Hələ ki, yubileyə vaxt var. Deyirlər ki, zəhmət insanın cövhəridir. İnsan gərək hər zaman zəhmətkeş olsun, çalışsın xeyir versin. Əgər insan uzun müddət və faydalı yaşamaq istəyirsə, xeyirxah olmalı və xeyirxah işlər görməlidir. Zəhmətkeşlik və xeyirxahlıq insan üçün vacibdir. Məncə, işin sirri bundadır. 

Son xəbərlər

Orphus sistemi