Yuxarı

ABŞ-da cərrahlar üzün tam nəqli əməliyyatını həyata keçirib - FOTO/VİDEO

Əməliyyat 26 saat davam edib

Bakı. 17 noyabr. REPORT.AZ/ Amerikalı cərrahlar insan üzünün nəqli sahəsində ən çətin əməliyyatı həyata keçirib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, 26 saat davam edən əməliyyat zamanı Patrik Hardison adlı 41 yaşlı yanğınsöndürənə rekord sayda üz toxuması transplantasiya olunub. Bununla da faktiki olaraq onun yanğında eybəcər hala düşmüş siması donorun üzü ilə dəyişdirilib.

Hardison 2001-ci ildə yanan treylerdə olan qadını xilas etmək istəyərkən ciddi yanıq xəsarətləri alıb. Bu hadisədən sonra onun görmə qabiliyyəti və sifəti bütün xarakterik xüsusiyyətlərini itirib. Son 14 ildə həkimlər onu düz 71 dəfə əməliyyat etsə də, bunların hamısı uğursuz olub.

Sifət donoru isə 26 yaşlı nyu-yorklu rəssam Devid Rodebau olub. O, motosiklet yarışlarında aldığı zədə nəticəsində ötən il dünyasını dəyişib. Əməliyyatı həyata keçirən həkim Eduardo Rodriges olaya belə reaksiya verib: "İdeal donor axtarırdıq. Axtarışların bəhrə verməsinə görə sevinirəm. Sima demək olar ki, tam transplatasiya olunduğundan, üz toxumalarının tam uyuşması zəruri idi. Rodebaunun simasının əməliyyatda istifadə olunmasına anası icazə verib".

Əməliyyat zamanı cərrahlar yeni simanın asılı vəziyyətdə görünməməsi üçün Hardisonun kəllə sümüyünün formasını dəyişib. Həkimlər yaxın gələcəkdə yanğınsöndürənin görməyə başlayacağını da bildirib.

Qeyd edək ki, üz toxumalarının müəyyən hissəsinin köçürülməsinə indiyə qədər rast gəlinsə də, simanın tam dəyişməsi tibb tarixində ilk haldır.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi