"14 noyabr - Ümumdünya Diabet Günü" ilə bağlı aksiya keçiriləcək

"14 noyabr - Ümumdünya Diabet Günü" ilə bağlı aksiya keçiriləcək Dünyada şəkərli diabetə düçar olan insanların sayı 300 milyona yaxındır
Sağlamlıq
11 Noyabr , 2015 10:59
14 noyabr - Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçiriləcək

Bakı. 11 noyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) noyabrın 13-də "Park Bulvar" AVM-də "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı "Gəlin, sağlam qidalanmanı imtiyaz kimi yox, haqq kimi qəbul edək. Sabahı dəyişmək üçün bu gün hərəkətə keçək!" şüarı altında maarifləndirmə aksiyası keçirəcək. Bu barədə "Report"a İSİM-dən məlumat verilib.

Aksiyada şəkərli diabetin profilaktikasına dair İSİM tərəfindən tərtib və çap edilən maarifləndirmə materialları paylanılacaq.

Xatırladaq ki, Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə irəli sürülüb. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur.

Qeyd edək ki, dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi artıq çəkinin artmasına səbəb olur, bu da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir.

Diabet ölüm səbəbinə görə ürək, qan-damar çatışmazlığından və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Dünyada şəkərli diabetə düçar olan insanların sayı 300 milyona yaxındır. Xəstəliyin geniş miqyasda artımı əhalinin sağlamlığının ümumi səviyyəsini azaldır.

Azərbaycanda şəkərli diabetin qarşısını almaq məqsədilə mütəmadi olaraq işlər görülür. Belə ki, respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri - qlükometrlər və test sistemlər pulsuz olaraq paylanılıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb. Həmçinin şəkərli diabetdən ölüm göstəricisi enib.

Son xəbərlər

Orphus sistemi