Mütəxəssis: "Yeni mutasiyalardan qorunmaq üçün peyvəndlənmənin kütləviliyini artırmaq lazımdır"

Mütəxəssis: "Yeni mutasiyalardan qorunmaq üçün peyvəndlənmənin kütləviliyini artırmaq lazımdır" “Vətəndaşların orqanizmlərində koronavirus əleyhinə anticism olsa belə, buster doza ilə həmin müqaviməti daha da gücləndirmiş olurlar”.
Sağlamlıq
29 Oktyabr , 2021 17:15
Mütəxəssis: Yeni mutasiyalardan qorunmaq üçün peyvəndlənmənin kütləviliyini artırmaq lazımdır

“Vətəndaşların orqanizmlərində koronavirus əleyhinə anticism olsa belə, buster doza ilə həmin müqaviməti daha da gücləndirmiş olurlar”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tibbi mikrobiologiya və immunologiya kafedrasının dosenti, tibb elmləri namizədi Həyat Əliyeva deyib.

Onun sözlərinə görə, virusun orqanizmdə xəstəlik törətməsinin qarşısını almaq üçün immun sistemini gücləndirmək mütləqdir: “Vaksin də məhz bu funksiyanı həyata keçirir. Nəzərə alaq ki, hazırda dünyada, həmçinin region ölkələrində COVID-19 virusuna yoluxma hallarının kəskin artması müşahidə olunur. Hətta virusun yeni mutasiyası, “Delta” ştamı ilə müqayisədə daha yoluxdurucu olan AY.4.2 yayılmağa başlayıb. Koronavirusun yeni mutasiyaları tez-tez yaranır. Bu da həmin virusa xas xüsusiyyətdir. Azərbaycanda yoluxma sayında artım olsa da, bir çox ölkələrlə müqayisədə vəziyyət nəzarətdə saxlanılır. Ölkədə istifadə olunan peyvəndlər həmin mutasiyalara qarşı effektivdir”.

H.Əliyeva bildirib ki, yeni mutasiyalardan qorunmaq üçün peyvəndlənmənin kütləviliyini artırmaq lazımdır: “Bu səbəbdən qüvvətləndirici üçüncü dozanın vurulması tövsiyə edilir. Pasiyentlərimizə məsləhət görürük ki, anticismlərini mütəmadi olaraq yoxlatdırsınlar. İnsanların əvvəllərlə müqayisədə xəstəliyi yüngül formada keçirmələrinə səbəb peyvənd vasitəsilə immun sistemlərinin gücləndirilməsidir”.

Mütəxəssis vurğulayıb ki, peyvəndlə yanaşı, insanlar həm də sağlam həyat tərzi yaşamalıdırlar: “Bunun üçün düzgün qidalanmalı, vitaminli qidalar qəbul edilməli, gigiyena qaydalarına riayət etmək, sosial məsafə saxlanılması, qapalı məkanlarda maskadan istifadə olunması vacibdir. Düzgün karantin tədbirləri və vaksinasiya prosesi sayəsində hazırda Azərbaycan dünyada hər milyon nəfərə düşən yoluxma səviyyəsinə görə nümunəvi ölkələr arasında yer alıb. Azərbaycan vaxtında çevik və zəruri qabaqlayıcı addımlar atıb, postsovet ölkələri arasında vaksinasiyaya başlayan ilk ölkələrdən biridir. Ancaq hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olması, 3-cü doza vaksinasıyanın sürətləndirilməsi zəruridir. Havaların soyuması qrip infeksiyalarının yayılmasını sürətləndirir. Bu səbəbdən qapalı məkanlarda toplaşmaqdan uzaq durmaq məsləhətdir”.

Xatırladaq ki, bu günə qədər ölkədə 9 518 912 doza vaksin vurulub.

Son xəbərlər

Orphus sistemi