Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ictimai iaşə və heyvan mənşəli məhsullara nəzarət tədbirlərinin gücləndiriləməsi ilə bağlı iclas keçirilib.
AQTA-dan "Report"a verilən məlumata görə, toplantıda regional bölmə rəhbərləri də iştirak edib.
İclasda insan sağlamlığı üçün təhlükə yarada biləcək qida məhsullarının istehsalı, emalı və satışı, habelə mənşəyi məlum olmayan heyvan mənşəli qidaların dövriyyədən çıxarılması istiqamətində həyata keçirilən tədbirlərin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb, müvafiq göstərişlər verilib.
Qeyd olunub ki, bundan sonra da mənşəyi məlum olmayan, insan istehlakı üçün yararsız qida məhsullarının dövriyyəsi ilə məşğul olan sahibkarlara qarşı hüquq-mühafizə orqanlarınının iştirakı ilə qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlərin görülməsi davam etdiriləcək.
Bununla bağlı olaraq, ictimai iaşə və heyvan mənşəli məhsulların emalını həyata keçirən sahibkarlıq subyektlərinin yalnız baytarlıq nəzarətindən keçmiş məhsullardan istifadə etmələri istiqamətində təlimatlandırılması, onlarla keçirilən maarifləndirici görüşlərin sayının artırılması qərara alınıb.
