Nazirlik: Vətəndaş dərman vasitəsinin qiymətinə və istehsalçısına görə özü seçim edə biləcək

Nazirlik: Vətəndaş dərman vasitəsinin qiymətinə və istehsalçısına görə özü seçim edə biləcək "Həkimlər xəstələrə resept yazarkən dərmanların beynəlxalq patentləşdirilməmiş adını qeyd edəcəklər"
Sağlamlıq
10 Dekabr , 2015 12:15
Nazirlik: Vətəndaş dərman vasitəsinin qiymətinə və istehsalçısına görə özü seçim edə biləcək

Bakı. 10 dekabr. REPORT.AZ/ "Hazırda əczaçılıq bazarında dövlət qeydiyyatına alınan eyni təsiredici maddəyə malik müxtəlif istehsalçıların, ölkələrin fərqli adlarla bir çox sayda preparatları satışda var. Vətəndaş hər hansı dərman preparatını ticarət adı ilə aptekdə tapa bilmədikdə eyni təsiredici maddəyə malik digər istehsalçıların alternativ dərman vasitəsini ala bilər". "Report" xəbər verir ki, bunu Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov qiymətləri təsdiqləndikdən sonra bəzi dərman vasitələrinin tapılmamasına aydınlıq gətirərkən deyib.

Direktor xatırladıb ki, bütün bunları nəzərə alaraq Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları" təsdiqlənib: "Yeni qaydalara əsasən, həkimlər xəstələrə resept yazarkən dərman vasitəsinin ticarət adını deyil, beynəlxalq patentləşdirilməmiş adını (təsiredici maddə adını) qeyd edəcəklər. Beləliklə də vətəndaş aptekə müraciət edən zaman əczaçı tərəfindən reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada uyğun dərman vasitələri barədə ona məlumat veriləcək, vətəndaş da büdcəsinə uyğun olaraq dərman vasitəsinin qiymətinə və istehsalçısına görə özü seçim edə biləcək".

Mərkəzin direktoru qeyd edib ki, bu günə kimi 3540 adda dərman vasitəsinin qiymətləri təsdiqlənib: "Tarif Şurası tərəfindən qiymətləri təsdiqlənmiş dərman vasitələrinin qiymətlərinə nəzər saldıqda dərman preparatlarının qiymətlərinin bu vaxta kimi mövcud olan qiymətlərindən 2-3 dəfə və hətta daha çox aşağı salındığının şahidi oluruq".

Son xəbərlər

Orphus sistemi