ÜST münaqişə bölgəsilə bağlı həyata keçirdiyi layihəyə yekun vurub

ÜST münaqişə bölgəsilə bağlı həyata keçirdiyi layihəyə yekun vurub Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) münaqişə bölgəsilə bağlı həyata keçirdiyi layihəyə yekun vurub.
Sağlamlıq
420
15 İyul , 2021 12:10
ÜST münaqişə bölgəsilə bağlı həyata keçirdiyi layihəyə yekun vurub

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) münaqişə bölgəsilə bağlı həyata keçirdiyi layihəyə yekun vurub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, bununla bağlı Bərdədə keçirilən tədbirdə bildirilib ki, qurumun münaqişə bölgəsi hesab edilən 5 rayonun 25 ucqar kəndində həyata keçirdiyi layihə insanlara psixoloji dəstəyə hesablanmışdı.

Qeyd olunub ki, “Sağlamlıq Xəmsəsi” layihəsi keçmiş təmas xəttinə yaxın 5 rayonda ambulator səhiyyə xidmətlərinə əlçatanlığı artırmaqla son münaqişə və COVID-19-un mənfi təsirlərini azaltmaq məqsədi daşıyıb: "Üç aya yaxın müddətdə səyyar tibbi komandalar 25 kənddə təxminən 3 000-ə yaxın insana xidmət göstərib, onlardan 75%-i qadın və uşaqlardır. Sözügedən regionlardakı tibb işçilərinə psixi sağlamlıq, ilkin pediatrik xidmət və epidemioloji müşahidə ilə bağlı təlimlər keçirilib.

Bundan əlavə, 5 rayonun xəstəxanaları və ilkin səhiyyə mərkəzləri zəruri tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin edilib. Bunlara 10 ədəd avtoklav, 10 ədəd oksigen konsentratoru, 480 qutu antigen testi, 38 adda avadanlıq və 101 adda dərman vasitəsi daxildir. Qabaqlayıcı tədbirlər və maskalardan düzgün istifadə daxil olmaqla, əhaliyə maarifləndirici materiallar paylanıb".

ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı çıxışında vurğulayıb ki, münaqişə bölgədəki səhiyyə sisteminin yükünü daha da artırdı: "Zəruri səhiyyə xidmətlərinə əlçatanlıq, münaqişənin təsirinə məruz qalmış bölgələrdə, xüsusilə ucqar kəndlərdə böyük bir problemdir. Bu xidmətlərə çıxışı olmayan insanlara təmənnasız xidmətlər göstərməklə və sözügedən məsələnin əhəmiyyətini vurğulayaraq bu layihənin insanların həyatında dəyişiklik yaratdığına inanırıq. Fəaliyyətimizi burada davam etdirə bilmək üçün fəal şəkildə tərəfdaşlar axtarırıq".

Layihənin sonunda həkimlərə və psixoloqlara sertifikatlar təqdim edilib və layihənin əhəmiyyətinə dair çıxışlar edilib.

Qeyd edək ki, BMT-nin Fövqəladə Hallara qarşı Cavab Tədbirləri üzrə Mərkəzi Fondunun maliyyə dəstəyi ilə ÜST-nin Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən layihə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB ilə əməkdaşlıq çərçivəsində baş tutub.

Son xəbərlər

Orphus sistemi