ÜST: Hazırkı dövrədək aparılan vaksinləmədə ciddi yan təsirlər aşkarlanmayıb

ÜST: Hazırkı dövrədək aparılan vaksinləmədə ciddi yan təsirlər aşkarlanmayıb "Peyvəndin təsiri ilə bağlı dəqiq məlumat yoxdur"
Sağlamlıq
2 Fevral , 2021 14:03
ÜST: Hazırkı dövrədək aparılan vaksinləmədə ciddi yan təsirlər aşkarlanmayıb

"Dünyada 50-dən çox ölkədə müxtəlif vaksinlərdən istifadə olunaraq COVID-19 əleyhinə peyvəndləmə aparılır. Vaksinasiyaya dekabrda başlanılıb və indiyədək təxminən bir ay yarım vaxt keçib".

"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, az müddət keçdiyinə görə peyvəndin təsiri ilə bağlı dəqiq məlumat yoxdur:

"Buna baxmayaraq, yan təsirlərlə bağlı məlumatlar var. Çünki bütün ölkələr peyvənddən sonrakı yan təsirləri çox ciddi bir şəkildə izləyirlər, mütəxəssislər isə nəticələri analiz edirlər. Sevindirici odur ki, hazırkı dövrədək aparılan vaksinləmə prosesi zamanı ciddi yan təsirlər aşkarlanmayıb. Bəzi faktlar oldu, onlar araşdırıldı və peyvəndlə bağlığı aşkarlanmadı. Peyvəndin uzunmüddətli təsirinin öyrənilməsi üçün müəyyən qədər vaxta ehtiyac var. Yan təsir kimi daha çox vaksin vurulan yerdə yüngül ağrı, həssaslıq hiss edilə, bir-iki gün sonra qızdırma müşahidə edilə bilər. Bu, bütün peyvəndlərdə qeydə alınır və ciddi yan təsir hesab olunmur".

ÜST nümayəndəsi bildirib ki, peyvəndlər haqqında indiyədək məlum olan faktlar onların ölüm və ağır xəstələnmə hallarını azaltmasıdır:

"Bu səbəbdən vaksinlərin ilk olaraq səhiyyə işçiləri və yaşlı vətəndaşlara tətbiqini tövsiyə edirik. Peyvəndlərin yoluxmanı azaltmasına dair tam məlumat yoxdur. Bu məlumatlar qarşıdakı dövrdə əldə olunacaq. Pandemiyanı sadəcə peyvəndlə nəzarətdə saxlamağa dair də kəskin sübut yoxdur. Koronavirus pandemiyasını nəzarət altında saxlamaq üçün mövcud olan bütün silahlarımızı istifadə etməyə ehtiyac var. Peyvəndlə ölüm hallarının qarşısını almaq və səhiyyə sisteminin üzərinə düşən yükü azaltmağa çalışırıq. Bir müddətdən sonra peyvəndin pandemiyanın dinamikası üzərində təsirini çox yaxşı anlayacağıq".

Son xəbərlər

Orphus sistemi