Qısa zaman çərçivəsində bu dərəcədə əhəmiyyətli işlərin reallaşması, yeni başlanğıclar ümidvericidir. Bu istiqamətdə işlər davam edərsə, əminik ki, Naxçıvan səhiyyəsi örnək hesab ediləcək.
“Report” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova “Şərq qapısı” qəzetinə müsahibəsində bildirib.
O, qeyd edib ki, Naxçıvana üçgünlük səfərinin ilk günü görülən işlər, səhiyyədə yeni təşəbbüslər haqqında məlumatlar əldə edib. Eyni zamanda qısa zaman kəsiyində muxtar respublikada yerinə yetirilən islahatları və layihələri yüksək qiymətləndirib.
T.Cəmilova bildirib ki, Naxçıvanda bu günə kimi görülən işlər, səhiyyədə yeni təşəbbüslər haqqında məlumatlar əldə edib.
“BMT-nin Uşaq Fondunun “Səhiyyə və qidalanma” proqramı ilə əməkdaşlıq istiqamətlərini də müzakirə etdik: iki qurum olaraq hansı sahələrdə təcrübələrimizi bölüşə bilərik, bir-birimizə necə dəstək ola bilərik? Xüsusilə bizim mandatımıza uyğun olaraq ana və uşaq sağlamlığı məsələləri prioritet təşkil edir. Bu baxımdan ilkin səhiyyə xidmətlərində, tibbi kadrların bilik və bacarıqlarının artırılması əsas məsələləri təşkil edir. Hamilə qadınlara, doğuşa yardım xidməti göstərən müəssisələrdə də UNICEF-in tövsiyələrinə uyğun olaraq yeni təşəbbüslərin tətbiqi mümkündür. Məhz bu baxımdan biz əməkdaşlıq etməkdən məmnun olacağıq”, - T.Cəmilova vurğulayıb.
Qeyd edək ki, UNICEF-in nümayəndə heyəti Naxçıvanda səfərdədir.