Baş mama-ginekoloq: "Son bir ayda iki ana ölümü baş verib"

Baş mama-ginekoloq: "Son bir ayda iki ana ölümü baş verib" "Hazırda bunun baş vermə səbəbləri araşdırılır"
Sağlamlıq
19 Oktyabr , 2016 13:42
Baş mama-ginekoloq: Son bir ayda iki ana ölümü baş verib

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Son illər Azərbaycanda ana ölümlərinin sayı azalır". 

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva deyib.

Onun sözlərinə görə, ana ölümlərinin sayı azalsa da, əsas məqsəd hamiləlik dövründə baş verən ağırlaşmaların qarşısını almaqla bağlı işləri aktivləşdirməkdir: "Baxmayaraq ki, bu gün regionlarda ağır vəziyyətdən çoxsaylı xəstə çıxarılıb. Risk qrupunda olan hamilələr daim diqqət mərkəzində olmalı və vaxtında qadın məsləhətxanasına müraciət etməlidirlər. Hamilələr vaxtında müayinələrdən keçməlidirlər. Bir qrup ekstragenital xəstəliklər (ürək, böyrək, endokrin xəstəliklər) hamiləliklə əlaqədar deyil, lakin yenə də hamiləlik zamanı bu xəstəliklər kəskinləşir və ağırlaşma baş verir. Ona görə də əsas işimiz ağırlaşmaların qarşısını almaqdır".

Nazirliyin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib ki, ana ölümlərinin sayı azalsa da, son bir ayda qeydə alınan iki ana ölümünün başvermə səbəbləri hələlik ekspertizada olduğundan konkret rəqəm demək mümkün deyil: "Çünki ekspertizadan bizə ölümün baş verməsinin nədən qaynaqlandığı ilə bağlı rəy gəlməlidir. Adətən, rəqəmləri ilin sonunda açıqlayırıq". O, həmçinin əlavə edib ki, aparılan təhlillər əksər hallarda ana ölümlərinin ekstragenital patologiyadan baş verdiyini göstərir.

Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi-katibi, Doğuşayardım Komissiyasının cənub bölgəsi üzrə kuratoru Leyla Məmmədova isə vurğulayıb ki, həmin bölgədə bu il aprelin 4-dən sentyabrın sonuna qədər 9 030 doğuş baş verib və ana ölümü qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi