Seroloji testlər nə üçün vacibdir?

Seroloji testlər nə üçün vacibdir? Azərbaycanda bu həftədən COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılacaq. Artıq seroloji testlərin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanıb. Tibbi Ərazi Bölmələrini
Sağlamlıq
1501
17 Avqust , 2020 11:13
Seroloji testlər nə üçün vacibdir?
Nuran Abdullayev

Azərbaycanda bu həftədən COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılacaq. Artıq seroloji testlərin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumata görə, seroloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının vacib bir parçası olduğundan, Azərbaycan hökuməti tərəfindən bu istiqamətdə də mühüm addımlar atılır. Məlumatda bildirilib ki, testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılacaq. İlkin mərhələdə tədqiqatların Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılması planlaşdırılır.

Pandemiya ilə mübarizədə seroloji testlərin əhəmiyyəti ilə bağlı "Report"a açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib ki, bununla xəstəliyi gizli, yəni simptomsuz keçirənlərin sayı, virusdan ölüm faizi, əhalinin nə qədərində immunitetin formalaşması və immuniteti qazanan insanların yaş qrupları barədə məlumatlar müəyyən olunacaq:

"Həmçinin paralel olaraq seroloji müayinədən keçməyən insanlar arasında geniş sorğunun təşkil olunması virusa ilkin yoluxmanın dəqiq zamanını aşkara çıxara bilər. Bu da Azərbaycan populyasiyasında immunitetin qalıcılığı ilə bağlı konkret fikirlərin irəli sürülməsinə əsas verər və mübarizənin artıq yeni mərhələsində fərqli strategiyaların tətbiqinə şərait yaradar. Unutmamalıyıq ki, əgər əhalinin 70 faizində qalıcı immunitetin formalaşdığı sübut edilərsə, artıq pandemiya bitmiş hesab olunur. Hər kəs bilməlidir ki, mübarizənin yeni mərhələsində seroloji testlərin aparılması və sorğuların təşkili əsas yer tutur. Eyni zamanda, bu mərhələdə digər əsas məqamlardan biri də karantin və izolyasiya qaydalarına zəruri dəyişikliklərin edilməsindən ibarətdir. Bununla da ölkədə xüsusi karantin rejimi tətbiq etmədən də daha yaxşı nəticələr əldə etmək olar.

Bundan başqa, Azərbaycan bir çox inkişaf etmiş ölkələrdə hələ tətbiq edilməyən bu model ilə pandemiya ilə mübarizədə uğurlu nəticə əldə etmiş təcrübəli bir ölkə kimi önə çıxa bilər və əhali arasında insanların şəxsi məsuliyyətinin artırılmasına nail olmaqla yanaşı ölkə iqtisadiyyatına da xeyli dəstək oluna bilər. Buna görə də yeni mərhələdə xüsusi elmi dəqiqliyə əsaslanan təhlillərin incələnməsinə ciddi zaman ayrılmalıdır".

Azərbaycanlı alim kütləvi seroloji testlərin verilməsinə cəlb olunan hər bir vətəndaşın bu müayinələrdə iştirakının vacibliyini qeyd edib: "Bu, həm də pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər çərçivəsində dövlətə dəstək deməkdir. Hər bir vətəndaş burada öz məsuliyyətini dərk etməlidir. Unutmamalıyıq ki, seroloji testlərlə bağlı fəaliyyət planında nəzərdə tutulan insanların sayı 1 500-dən daha çox olarsa, bu zaman elmi nəticələrin cavabı da bir o qədər dəqiq olacaq. Ona görə də xalqımız bu məsələdə maksimum həmrəylik göstərməlidir. Mən də bu məsələni təklif edən elm adamlarından biri olduğum üçün vətəndaşlardan xahiş edirəm ki, bu istiqamətdə aktivlik nümayiş etdirsinlər".

N.Abdullayev hələ 3 ay əvvəldən çıxışlarında Azərbaycanda seroloji testlərin keçirilməsinin zəruriliyini bildirdiyini vurğulayıb: "Bununla yanaşı ölkəmizin müvafiq qurumları ilə və hətta Prezident Adminstrasiyasının məsul şəxsləri ilə birlikdə seroloji testlərin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıb təkliflərimi birgə müzakirə etmişik. Dövlətimiz tərəfindən seroloji testlərin aparılması ilə bağlı fəaliyyət planının reallaşmasında olduğu kimi onun nəticələrinin elmi analizində də köməklik etməyə çalışacam".

“Təbii ki, koronavirusla mübarizənin seroloji testlərin aparılmasından sonra bitəcəyini düşünmək yanlışdır. Yuxarıda qeyd etdiyim kimi, COVID-19-la mübarizənin yeni mərhələsində mübarizə strategiyasına daxil olan digər fəaliyyətlər də mövcuddur və düşünürəm ki, lazım gələrsə, bu fəaliyyətlərin də həyata keçirilməsi zəruri olacaq” - deyə N.Abdullayev bildirib.

Qeyd edək ki, insan viruslara yoluxduqdan sonra bədəndə qoruyucu zülallar – anticisimlər yaranır. Viruslara qarşı anticisimlərin formalaşması üçün müəyyən vaxt tələb olunur. 

İndiyədək Almaniyada Oldendorf, Çində Uhan, Hindistanda Mumbay, İsveçrədə Cenevrə kimi şəhərlərdə seroloji testlər keçirilib. Türkiyədə isə COVID-19 xəstəliyinə qarşı immunitet xəritəsini müəyyən etmək üçün bütün ölkə üzrə 153 min nəfər anticisim testindən keçirilib.

Son xəbərlər

Orphus sistemi