Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Oqtay Hüseynov şəkərli diabet xəstələrinə hansı hallarda insulin vurulmasını açıqlayıb.
“Report”un məlumatına görə, mütəxəssis bəzi hallarda mədəaltı vəzinin insulini ifraz edə bilmədiyini söyləyib.
Onun sözlərinə görə, I tip şəkərli diabet xəstəliyində mədəaltı vəzi insulini lazımi miqdarda ifraz etmədiyindən insulin çatışmazlığı yardır: “Bu da əsasən gənc yaşda, uşaqlarda özünü büruzə verir. İnsulin müalicəsi bu halda mütləqdir. Bundan başqa, II tip şəkərli diabet xəstəliyində, xüsusilə də hamilə qadınlarda dərman yox, məhz insulindən istifadə tövsiyə olunur. Çünki istifadə olunan həblərin dölə təsiri var. Belə halda risk etmək düzgün deyil. Həmçinin bəzi hallarda həblər effektiv təsir etmir və onda bədənə kömək üçün həm həb, həm də yanaşı insulin təyinatı olur. Yaxud pasiyent ağır cərrahi əməliyyat edilməlidir, onda bir neçə gün öncə insulin müalicəsinə keçilir. Sonrakı müddətdə də bir qədər insulin müalicəsi davam edir. Ardınca yenidən həblərə qayıtmaq olar”.
Endokrinoloq bildirib ki, yanaşı iltihabı prosesdə də insulin müalicəsinə keçilməlidir: "Çünki bəzən həblərin gücü çatmır ki, qandakı şəkərin səviyyəsini normaya salaq. Pasiyentlər bilməlidirlər ki, qısamüddətli insulinə həssaslıq yaranmır. İnsulin yalnız lazımi vaxtda vurulur”.