Səhiyyə Nazirliyi: Azərbaycanda uşaqlar arasında yayılan iki xəstəliyin qarşısı tamamilə alınıb

Səhiyyə Nazirliyi: Azərbaycanda uşaqlar arasında yayılan iki xəstəliyin qarşısı tamamilə alınıb Qızılca və məxmərək xəstəliklərinin eliminasiyasına həsr olunan konfrans keçirilib
Sağlamlıq
22 Aprel , 2016 14:39
Səhiyyə Nazirliyi: Azərbaycanda uşaqlar arasında yayılan iki xəstəliyin qarşısı tamamilə alınıb

Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün Pediatriya İnstitutunda Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Azərbaycanda qızılca və məxmərək xəstəliklərinin eliminasiyasına həsr olunan konfrans keçirilib.

"Report"un xəbərinə görə, tədbirdə çıxış edən respublikanın baş pediatrı Nəsib Quliyev Azərbaycanda qızılca və məxmərək xəstəliklərinin ləğvinə nail olunmasını səhiyyənin uğuru kimi qiymətləndirib. Onun sözlərinə görə, uşaqları xəstəliklərdən qorumağın yolu onları planlı peyvəndlə əhatə etməkdən asılıdır.

N.Quliyev əlavə edib ki, Azərbaycanda uşaqların 95 faizinə qızılca və məxmərəkə qarşı olan peyvənd vurulmasaydı, bu nəticə əldə oluna bilməzdi: “Ölkəmizdə bu vaxta kimi çiçək, polimelit və digər bu kimi xəstəliklərin ləğvinə nail olunub. Qızılca və məxmərəyin də ölkə daxilində eliminasiyasına nail olunması müxbət haldır. Lakin bununla kifayətlənmək olmaz. Bu xəstəliklər üzərində epidemioloji nəzarət gücləndirilməlidir. Çünki qonşu ölkələrdə bu xəstəliklər geniş yayılıb və bu xəstəliyin ölkəyə keçməsi mümkündür. Ona görə də xəstəliyin Azərbaycana yenidən keçərək yayılmasının qarşısını almalıyıq”.

Səhiyyə Nazirliyinin Epidemioloji nəzarət şöbəsinin əməkdaşı Nəzifə Müsəlova bildirib ki, hər hansı bir xəstəliyin ləğvi üçün profilaktikanı gücləndirmək lazımdır. Onun sözlərinə görə, 2005-ci ildə Azərbaycanda qızılca və məxmərəklə bağlı çoxlu sayda fakt qeydə alınırdı: “Hətta 2001-2002-ci illərdə 5000-7000 yoluxma hadisə baş verirdi. Çünki həmin dövrlərdə peyvənd işi yaxşı aparılmırdı. Amma sonradan ölkədə peyvənd işinin təkmilləşdiriməsi bəzi xəstliklərin ləğvinə gətirib çıxardı. Təbii ki, bu xəstəliklərin ləğvi ilə kifayətlənməməli və qabaqlayıcı tədbirlərimizi davam etdirməliyik”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova iki xəstəliyin ləğvinə nail olunmasını yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu nailiyyət bütün səhiyyə işçilərinin birgə fəaliyyətinin nəticəsidir.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva ölkədəki vəziyyətlə bağlı hesabat təqdim edib. A.Əliyeva bildirib ki, Azərbaycanda 2013-cü ildən qızılca, 2008-ci ildən məxmərək qeydə alınmır. O bildirib ki, son illər əhali arasında immun səviyyəsi yüksəlib və qızılca-məxmərək xəstəliyi enməyə başlayıb: “Bu da ölkədə 98 fazi uşaqların peyvəndə cəlb edilməsi ilə bağlıdır. Yalnız 2 fazi uşaq peyvənddən kənarda qalır. Bu xəstəliklər Azərbaycanda ləğv olunsa da, digər ölkələrdə, hətta, qonşu dövlətlrədə belə xəsəlikllər qeydə alındığından peyvəndlərin aparılması vacibdir. Ona görə də xəstəliklərin peyvəndi də davam etdiriləcək”.

Son xəbərlər

Orphus sistemi